Ermənistan Çindən reaktiv yaylım atəş sistemləri satın alır
Ermənistan Çinin NORİNCO Korporasiyası ilə yeni artilleriya və reaktiv yaylım atəş sistemlərinin satın alınmasına dair görüşlər keçirir. Bu barədə “AzeriDefence.com” saytı Çin hərbi KİV-lərinə istinadən məlumat verib.
Bununla bağlı tərəflər arasında bu yaxınlarda bir neçə görüş keçirilib. NORİNCO nümayəndəsinin sözlərinə görə, hazırda yeni artilleriya sistemlərinin ixracına dair Ermənistan, Banqladeş və Sudanla görüşmələr davam etdirilir. Banqladeş və Sudanla görüşlər müsbət sonuclanıb.
Ermənistanla konkret hansı silah sistemlərinin alğı – satqısı və sayı barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Çin və Ermənistan arasında indiyədək reaktiv atəş sistemlərinin alğı -satqısına dair iki mühüm əməliyyat keçirilib. Ermənistan Müdafiə Nazirliyi 1999 – 2001-ci illərdə NORİNCO şirkətindən 8 ədəd 273 mm-lik WM-80 reaktiv atəş sistemi alıb. NORİNCO həmçinin bir neçə il əvvəl Ermənistana AR1A tipli reaktiv atəş sisteminin satışını həyata keçirib. WM-80 sistemi 80 km, AR1A sistemi isə 60-130 km məsafədəki hədəflərə qarşı tətbiq oluna bilir.