Ermənistan Ordusunun Qarabağdakı bölmələrindən birində yoluxucu xəstəlik yayılıb
Xəstəliklə bağlı yanvarın 23-də Ermənistan Müdafiə Nazirliyinin tibb idarəsinin yoluxucu xəstəliklər üzrə həkimləri də Qarabağa gəlibAzərbaycanın işğal olunmuş ərazilərində, cəbhə xəttində yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən birində yoluxucu xəstəlik yayılıb. “AzeriDefence” saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənubunda – Füzuli-Xocavənd istiqamətində (Füzulinin Veysəlli kəndinə yaxın Xocavənd rayonu ərazisində) yerləşən taqımlardan biri yanvarın 17-dən digər bölmələrdən və Xocavənddəki mülki əhalidən tam təcrid olunub. Ərazidə ermənilər tərəfindən karantin elan edilib.
Xəstəliyin əsgərlərə xüsusi bakteriyaların yoluxduğu qidadan keçdiyi və çox ciddi mərhələdə olduğu söylənilir. Hətta vəziyyət o həddə çatıb ki, xəstəliyin yayıla biləcəyi nəzərə alınaraq döyüş mövqeyindəki həmin əsgərlərin hospitala aparılması təhlükəli sayılıb. Xəstəliklə bağlı yanvarın 23-də Ermənistan Müdafiə Nazirliyinin tibb idarəsinin yoluxucu xəstəliklər üzrə həkimləri də Qarabağa gəlib və hazırda Xankəndindədirlər.
Hadisədən sonra xəstəlik baş verən alayın tibb xidmətinin rəisi barəsində cinayət işi qaldırılıb.
Baş vermiş vəziyyətin Ermənistanda ajiotaj yaratmaması üçün həmin döyüş mövqeyində olan əsgərlərin valideynləri ilə əlaqə yaratmalarına məhdudiyyət qoyulub. Hazırda Qarabağdakı hərbi birləşmə vəziyyəti nəzarət altına almaq üçün işləri davam etdirir.