Estoniya yeni CAESAR ÖAQ-ları təhvil alıb – VIDEO

Estoniya yeni CAESAR ÖAQ-ları təhvil alıb – VIDEO

Estoniya Müdafiə Qüvvələri Fransa istehsalı olan CAESAR özüyeriyən artilleriya qurğularını (ÖAQ) təhvil alıb.

Bu barədə “Poliqon” Estoniya Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, yeni CAESAR ÖAQ-lar Estoniya Müdafiə Qüvvələrinin atəş gücünü, hərəkətliliyini və müdafiə qabiliyyətini artıracaq.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Parisdə keçirilən “Eurosatory-2024” sərgisində Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi, Fransanın Silahlandırma Baş İdarəsi (DGA) və KNDS şirkəti arasında CAESAR-ların tədarükü ilə bağlı müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, çatdırılma prosesinin cari ilin ortalarında tamamlanması planlaşdırılıb.

Xatırladaq ki, “Eurosatory-2024” sərgisi çərçivəsində Ermənistan da CAESAR ÖAQ-ların satın alınması üçün Fransa ilə müqavilə imzalayıb.

CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” (indiki “KNDS France”) şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinalı 6×6 təkər formullu “Renault Sherpa 10” şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17.7 ton və heyəti 4-5 nəfərdir.

CATEGORIES
TAGS