AKSUNGUR PUA hədəfi LGK-81 və LGK-82 lazer tuşlama dəstləri ilə vurub – VİDEO

AKSUNGUR PUA hədəfi LGK-81 və LGK-82 lazer tuşlama dəstləri ilə vurub – VİDEO

TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən AKSUNGUR pilotsuz uçuş aparatının (PUA) ASELSAN şirkətinin istehsalı olan LGK-81 və LGK-82 lazer tuşlama dəstləri ilə atış sınağı həyata keçirilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, AKSUNGUR, sınaq zamanı LGK-81 və LGK-82 ilə təyin edilən hədəfi dəqiq şəkildə vurub.

2021-ci ilin oktyabr ayında Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilən AKSUNGUR PUA 750 kq faydalı yük daşıya və 50 saatdan çox havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir. O, “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) şirkəti tərəfindən hazırlanan TEI-PD170 turbo dizel aviasiya mühərriki ilə təzhiz edilib.

ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu dəstlər 250 lb sinifindəki MK-81, 500 lb sinifindəki MK-82, 1000 lb sinifindəki MK-83 və 2000 lb sinifindəki MK-84 aviasiya bombalarını sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir.

CATEGORIES
TAGS