
“Eurofighter” qırıcısının MK1 radarı əhəmiyyətli dərəcədə təkmilləşdirilib
“Eurofighter” döyüş təyyarəsinin MK1 radarı qabaqcıl alt sistemlərin inteqrasiyası ilə əhəmiyyətli dərəcədə təkmilləşdirilib.
“Poliqon” “Indra” şirkətinə istinadən xəbər verir ki, ECRS Mk1 (“Eurofighter Common Radar System Mark 1”) Almaniya və İspaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə ediləcək “Eurofighter” döyüş təyyarəsinin yeni nəsil radarıdır.
AESA çoxkanallı texnologiyaya və yüksək performanslı prosessora əsaslanan ECRS Mk1, “Airbus” şirkəti tərəfindən Almaniya və İspaniya üçün istehsal olunan “Eurofighter”in imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. ECRS Mk1-in arxitekturası təyyarənin bütün missiyalarını dəstəkləmək üçün hazırlanıb. Radar qabaqcıl “hava-hava”, yüksək dəqiqlikli “hava-yer” imkanlarını, həmçinin passiv və aktiv elektron müharibə qabiliyyətlərini özündə birləşdirir.
Təkmilləşdirmə ilə bağlı müvafiq müqavilə 2020-ci ildə imzalanıb. 2024-cü ilin aprel ayında Almaniya və İspaniyanın hərbi müştəriləri ECRS Mk1 Step 1 versiyasında Prosessor və APSC üçün qabaqcıl alt sistemlərin tətbiqinə qərar veriblər.
Almaniya mərkəzli HENSOLDT şirkətinin texniki direktoru Uilliam Qautier bildirib ki, cəmi 13 aydan az müddətdə bu yeni avadanlıqla təchiz edilmiş ilk radarların istehsalı tamamlanıb: “Hazırda ətraflı qiymətləndirmə mərhələsi sürətlə irəliləyir. Yeni APSC və Prosessor Mk1-ə həm rejimlər arasında ultrasürətli keçid, həm də real vaxtda missiya çevikliyi və gələcəkdə süni intellekt dəstəyi ilə tapşırıq əsaslı avtonom əməliyyatlar baxımından əhəmiyyətli üstünlüklər verir. Bu yeni avadanlıq çoxkanallı AESA texnologiyasından tam istifadə etməyə imkan verən tamamilə yenidən işlənmiş proqram təminatı ilə inteqrasiya olunub. Bundan əlavə, müasir arxitektura və dizayn sayəsində ECRS Mk1 uzunmüddətli dövrdə müştərilər üçün dayanıqlı olacaq”.
İspaniya mərkəzli “Indra” şirkətinin “Eurofighter” proqramı üzrə texniki direktoru Borja Mino əlavə edib ki, yeni prosessor sistemi daha güclü işləyir, eyni anda bir neçə işi daha sürətli yerinə yetirə bilir və mürəkkəb siqnalları daha dəqiq emal etməyə imkan verir: “Bu, radarın ümumi işini xeyli yaxşılaşdırır. Sözügedən təkmilləşdirmələr yalnız mövcud performansı artırmır, həm də gələcək proqram təminatı inkişafları və sensorların inteqrasiyası üçün zəruri ehtiyat imkanlarını təmin edir”.
Qeyd edilib ki, ilk radar modelləri sertifikatlaşdırma və uçuş sınaqları üçün istifadə olunacaq. Mk1 Step 1 versiyası Almaniyada sınaq uçuşları zamanı öz imkanlarını nümayiş etdirəcək.
2025-ci ilin birinci yarısında aparılacaq qiymətləndirmə və sınaqlardan sonra, HENSOLDT və “Indra” şirkətləri 2025-ci ilin yayında Mk1 Step 1-in seriyalı istehsalına başlamağı planlaşdırır. ECRS Mk1 radarları “Airbus Defence and Space”nin Almaniyadakı müəssisəsində “Eurofighter” təyyarələrinə inteqrasiya ediləcək.
Mk1 Step 1, Almaniya və İspaniyanın Hərbi Hava Qüvvələrinə güclü “hava-hava” imkanları təmin edəcək. Gələcək proqram təminatı yeniləmələri Mk1 radarını tam çoxməqsədli radara çevirəcək ki, buna da “hava-yer” tapşırıqları və elektron müharibə vəzifələri də daxildir. Həmçinin bu yeniləmələr pilotun iş yükünü azaltmaq və sistemin ümumi performansını artırmaq üçün tapşırıq əsaslı əməliyyatlara imkan verəcək.