
IAI və HAI şirkətləri “BlueWhale” avtonom sualtı vasitəsi ilə bağlı əməkdaşlıq edəcək
İsrailin “Israel Aerospace Industries” (IAI) və Yunanıstanın “Hellenic Aerospace Industry” (HAI) şirkətləri Yunanıstan Hərbi Dəniz Qüvvələrinə (HDQ) IAI-nin “BlueWhale” avtonom sualtı vasitəsini təklif etmək üçün Anlaşma Memorandumu imzalayıblar.
“Poliqon” IAI-yə istinadən xəbər verir ki, bu memorandum Afina şəhərində keçirilmiş DEFEA-2025 sərgisində imzalanıb.
Tərəfdaşlıq çərçivəsində HAI, mürəkkəb texnoloji sistemlərin layihələndirilməsi, inkişafı və istehsalındakı zəngin təcrübəsinə əsaslanaraq “BlueWhale” avtonom sualtı vasitəsinin istehsalı və texnoloji inkişafında mühüm rol oynayacaq.
Memoranduma əsasən, HAI, IAI-nin qabaqcıl texnologiyalarına çıxış əldə edəcək, texnologiya transferi və əməliyyat baxımından mühüm layihələrdə aktiv iştirak imkanı qazanacaq.
IAI tərəfindən hazırlanmış “BlueWhale”, 10.9 metr uzunluğa, 1.12 metr diametrə və 5.5 ton çəkiyə malik böyük ölçülü insansız sualtı vasitədir. O, dəniz səthində kəşfiyyat, sualtı hədəflərin və sualtı qayıqların aşkarlanması, akustik kəşfiyyat məlumatlarının toplanması, eləcə də dəniz dibində mina axtarışı və aşkarlanması daxil olmaqla, geniş çeşiddə gizli dəniz missiyalarını yerinə yetirə bilir. Bu avtonom sualtı vasitə, klassik insanlı sualtı qayıqların funksiyalarının böyük hissəsini həftələrlə operator riskinə girmədən, aşağı xərc və minimal texniki xidmətlə yerinə yetirə bilir. Minlərlə dalış saatı ərzində uğurla sınaqdan keçirilən “BlueWhale”, kəşfiyyat (ISR), elektron müharibə və siqnal kəşfiyyatı (EW/ESM), mina əleyhinə mübarizə (MCM) kimi bir çox əməliyyat profillərində effektivliyini sübut edib.