FNSS STA tank qırıcılarının istehsalına dair əlavə sifarişlər alıb
Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında həyata keçirilən STA (Silah Taşıyıcı Araçlar) layihəsi çərçivəsində FNSS şirkəti tərəfindən istehsal olunan “Kaplan-STA” və “Pars-STA” tanklarla mübarizə maşınlarının Silahlı Qüvvələrə tədarükü davam edir.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının açıqladığı məlumatda bildirilib.
IDEF-2021 sərgisinin 3-cü günü Türkiyə SSB və Milli Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə əlavə STA layihəli ziehli maşınların tədarükünə dair müqavilə imzalanıb.
Bu günə qədər Türkiyənin FNSS şirkətinin istehsalı olan 200-dən çox “Kaplan-STA” və “Pars-STA” maşınları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Layihənin birinci mərhələsinin 2022-ci ilin fevralında bitməsi, əlavə vasitələrin tədarükünün 2023-cü ildə başlanması planlaşdırılır.
Layihənin birinci mərhələsi çərçivəsində ümumilikdə 208 ədəd tırtıllı “Kaplan-STA” və 136 ədəd 4×4 təkər formuluna malik “Pars-STA” zirehli maşınların tədarük edilməsi nəzərdə tutulub. İkinci mərhələdə istehsal olunacaq “Kaplan-STA” və “Pars-STA” maşınlarının sayı açıqlanmır.