QuruXəbərlər

“Frankenburg Technologies” gündə 100 ədəd raket istehsal etməyi hədəfləyir

Estoniya mərkəzli “Frankenburg Technologies” şirkəti Latviyanın paytaxtı Riqa şəhərində Silah Sistemləri və Raket Yığım Zavodunu istifadəyə verib.

“Poliqon” “Frankenburg Technologies”ə istinadən xəbər verir ki, bununla Baltik regionunda ilk raket istehsalı müəssisəsi yaradılıb və şirkətin əlçatan qiymətli, yüksək həcmdə raket sistemləri istehsalı üçün nəzərdə tutulan “FieldFoundry” istehsal modelinin ilk əməli addımı atılıb.

Riqadakı müəssisə şirkətin “Mark I” zenit idarəolunan raketinin istehsalını dəstəkləyəcək. Burada raket elektronikasının yığımı, silah sistemlərinin montajı, atəşi idarəetmə sistemlərinin inteqrasiyası, istehsal sınaqları və keyfiyyətə nəzarət həyata keçiriləcək. Müəssisə 12 ay ərzində qurulub və modul istehsal stansiyaları, çevik istehsal prosesləri və standartlaşdırılmış iş axını prinsipləri əsasında fəaliyyət göstərəcək.

Sözügedən müəssisə şirkətin Adazi şəhərində qurmağı planlaşdırdığı yekun montaj sahəsi ilə birlikdə Latviyada ilk tam “FieldFoundry” istehsal modelini formalaşdıracaq. İki obyektli modelin 2026-cı ilin sonuna qədər gündə 100 raket istehsal gücünə çatdırılması nəzərdə tutulur.

Təxminən 1000 kvadratmetr ərazini əhatə edən Riqa müəssisəsində 50 nəfərə qədər əməkdaşın çalışacağı gözlənilir. Şirkət aşağı həcmli ilkin istehsaldan daha böyük həcmli istehsala keçid çərçivəsində 2026-cı ildə 1500 raket istehsal etməyi planlaşdırır.

“FieldFoundry” şirkətin yüksək həcmli və milli əsaslı raket sistemi istehsalı modelidir. Bu model modul istehsal stansiyaları, çevik istehsal üsulları və standartlaşdırılmış iş prinsipləri üzərində qurulub. İstehsal mövcud müəssisələrdə, müvəqqəti qurğularda və ya konteyner tipli obyektlərdə yerləşdirilə və bir neçə sahədə genişləndirilə bilər.

Standart “FieldFoundry” sistemi gündəlik 100 raket istehsal gücü üçün nəzərdə tutulub və əlavə istehsal xətləri, eləcə də bir neçə istehsal məntəqəsi vasitəsilə genişləndirilə bilər. Model müttəfiq ölkələrə yerli raket istehsalı imkanlarını daha sürətli yaratmağa, uzun təchizat zəncirlərindən asılılığı azaltmağa və ehtiyatları ehtiyac nöqtələrinə daha yaxın bərpa etməyə kömək etmək məqsədi daşıyır.

“Mark I” isə “Frankenburg Technologies” şirkətinin kütləvi pilotsuz uçuş aparatları və hava təhdidlərinə qarşı hazırladığı ilk əlçatan qiymətli zenit idarəolunan raket sistemidir. Sistem hədəfi tutma xərclərini 10 dəfədən çox azaltmaq və Avropa ilə müttəfiq ölkələr üçün HHM raketlərinin kütləvi istehsalını təmin etmək məqsədi ilə hazırlanıb.

Back to top button