Fransa Müdafiə Nazirliyi “Akeron MP” TƏİR komplekslərinin Ukraynaya verilməsini təkzib edir

Fransa Müdafiə Nazirliyi “Akeron MP” TƏİR komplekslərinin Ukraynaya verilməsini təkzib edir

Fevralın 17-də məlum olub ki, Fransa 5-ci nəsil “Akeron MP” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərini Ukraynaya təhvil verib.

“Poliqon” “Оpexnews” nəşrinə istinadən xəbər verir ki, fevralın 15-də verdiyi müsahibədə Fransanın Milli Müdafiə və Silahlı Qüvvələr Komissiyasının vitse-prezidenti Jean-Louis Thieriot Fransanın Ukraynaya açıqlanmayan sayda TƏİR kompleksləri, eləcə də onlar üçün raketlər tədarük etdiyini deyib.

“Bu gün aydındır ki, göndərdiyimiz silahlar yaxşıdır və işləyir. “Caesar” özüyeriyən artilleriya qurğuları, “Mistral” zenit-raket kompleksləri və göndərilən “Akeron” kompleksləri öz tapşırıqlarını yaxşı yerinə yetirirlər”, – Jean-Louis Thieriot nəşrə bildirib.

Lakin Fransa Müdafiə Nazirliyi “Akeron MP” TƏİR komplekslərinin və onun raketlərinin Ukraynaya ötürülməsini təkzib edib.

İstisna edilmir ki, Jean-Louis Thieriot müsahibəsində “Akeron” TƏİR kompleksini Fransanın Ukraynaya verdiyi “Milan” TƏİRK ilə səhv salıb.

Qeyd edək ki, “Akeron” TƏİR kompleksləri düşmən texnikasını məhv etmək üçün kifayət qədər yeni vasitədir.

İstehsalçı MBDA şirkəti “Akeron” kompleksini beşinci nəsil tank əleyhinə raketlərin unikal ailəsi kimi təqdim edir.

Məlumdur ki, hazırda Fransa Silahlı Qüvvələrinin özünün az sayda: təqribən 400 ədəd buraxma qurğusu və 2850 ədəd “Akeron MP” raketi var. Yalnız bu ilin yanvarında MBDA şirkəti Fransa Ordusuna cəmi 200 ədəd “Akeron MP” raketinin tədarükü üçün yeni sifariş alıb.

Amma qeyd etmək lazımdır ki, raket MMP (fr. Missile Moyenne Portée və ya ing. Medium-Range Missile) adı altında olsa da, 2017-ci ildə Fransa Ordusunun və xüsusi təyinatlılarının silahlanmasına daxil olub və 2018-ci ildən Fransa bundan hərbi əməliyyatlarda istifadə edir.

“Akeron MP” raketi 140 mm diametrli konteynerdə 15 kiloqram ağırlığında və 1,3 metr uzunluğundadır. MBDA iddia edir ki, raket 4 kilometrdən çox təsirli uçuş məsafəsinə malikdir və “atdın-unutdun” funksiyası ilə fəaliyyət göstərir, raketi buraxdıqdan sonra operatorun onu idarə etməsinə ehtiyac yoxdur.

“Akeron MP” (Akeron Moyenne Portée) Fransanın beşinci nəsil tank əleyhinə idarə olunan raketidir. “Atdın-unutdun” və optoelektron tuşlama stansiyasından istifadə etməklə komanda tuşlaması iş rejimlərini özündə cəmləşdirir. O, həmçinin düzünə görmə xəttindən kənar (non-line of sight – NLOS) istifadədən ötrü buraxılışdan sonrakı kilid vasitəsilə bağlı atəş mövqelərindən atış ssenariləri üçün kənar hədəf göstəricisini inteqrasiya edir.

2017-ci ildən Fransa Ordusunun silahlanmasında olan “Akeron MP” TƏİR kompleksi MBDA France şirkəti tərəfindən hazırlanıb, Fransa istehsalı MILAN (Missile d´infanterie léger antichar) və ABŞ istehsalı FGM-148 “Javelin” TƏİR komplekslərini əvəz etmək üçün nəzərdə tutulub.

Kompleks piyadalar üçün, həmçinin döyüş maşınlarına quraşdırılmaq üçün nəzərdə tutulub və 5 km-ə qədər atəş məsafəsinə malikdir. Eyni ailənin uzun mənzilli raketi olan “Akeron LP” (Akeron Longue Portée) də inkişaf mərhələsindədir. O, Fransanın gələcək Eurocopter Tiger MkIII zərbə helikopterini təchiz etmək üçün nəzərdə tutulub.

Modifikasiyaları

Hindistan

2017-ci ilin fevral ayında MBDA Hindistanın “Larsen & Toubro” (L&T) konqlomeratı ilə birgə müəssisə yaratdığını elan edib. Bu birgə şirkət xüsusilə Hindistan ordusunun irəli sürdüyü tələblərə cavab vermək üçün MMP raketindən ilhamlanan beşinci nəsil TƏİR hazırlanması və təchizatı ilə məşğul olacaq.

İsveç

2021-ci ilin iyul ayında Fransa və İsveç MBDA MMP (Missile Moyenne Portée və ya Medium-Range Missile) raketi əsasında yeni tank əleyhinə raketin birgə hazırlanması barədə razılığa gəliblər. Fransanın Silahlar Baş İdarəsi (Direction Générale de l’Armement – DGA) bu yeni raketlərin hazırlanması üçün İsveç Müdafiə Materialları İdarəsi (Försvarets materielverk və ya FMV) ilə niyyət məktubu imzalayıb (həmçinin bax: İsveç Fransanın MMP raket kompleksi ilə maraqlanır). İsveç tərəfindən “Saab Dynamic AB” şirkəti müqavilə tərəfdaşı olacaq. İsveç variantı RBS-58 kimi tanınacaq.

Əsas xüsusiyyətləri:

  • çapı – 140 mm;
  • mühərrikin növü və modeli – iki fazalı dartqılı bərk yanacaqlı raket mühərriki;
  • uçuş mənzili – 150 m-dən 5000 metrə qədər. Bu zaman, 1000 mm-ə qədər homogen zirehi və 2000 mm-ə qədər beton qatını dələ bilir;
  • raketin kreyser uçuş sürəti – saniyədə 160 metr;
  • raketin uzunluğu – 1300 mm;
  • kütləsi: mərmi buraxma konteyneri ilə birlikdə – 15 kq; üçayaq, buraxma bkoku və AKB – 11 kq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS