
İsveçin “Saab” şirkəti ilə Fransanın Silahlanma Baş İdarəsi arasında NLAW (Next Generation Light Anti-tank Weapon) tank əleyhinə raket komplekslərinin tədarükünə dair müqavilə imzalanıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, tədarükün 2026-2030-cu illər ərzində həyata keçirilməsi planlaşdırılır.
Sifarişə NLAW tank əleyhinə raket kompleksləri ilə yanaşı, qapalı və açıq məkanlarda istifadə üçün təlim sistemlərinin tədarükü də daxildir. Müqavilə həmçinin Fransaya əlavə NLAW sistemləri sifariş etmək imkanı verən opsiyaları da əhatə edir.
NLAW, “Saab”ın döyüş şəraitində özünü doğrultmuş tank əleyhinə raket kompleksidir və hazırda İsveç, Böyük Britaniya və Finlandiya daxil olmaqla bir sıra ölkələrin Silahlı Qüvvələri tərəfindən istifadə edilir. Kompleksin ağıllı tuşlama sistemi sayəsində bir hərbçi müasir əsas döyüş tankını tək atəşlə, bina daxilindən, divar tinindən və ya sığınacaqdan məhv edə bilir.
Döyüş mənzili 20-800 metr və ağırlığı 12.5 kiloqram olan kompleksin xidmət dövrü 20 ildir. Ondan istifadə edən personal hədəfin aşkarlanmasından nişanlanmaya qədər təxminən 5 saniyə vaxt sərf edir.




