Fransız Ordusu FAMAS-ı əvəzləyir

Fransanın Müdafiə Nazirliyi 2013-cü ildə 5.56 millimetr FAMAS avtomatik tüfəngini yeni avtomatla əvəz etməyi planlaşdırır. “Zone Militare” saytının məlumatına görə, artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən tender elan olunub.

Yeni tüfəng də 5.56 mm kalibrli olacaq. Fransa Müdafiə Nazirliyi ilk mərhələdə yeni silahdan təxminən 60 min ədəd almağı planlaşdırır. Bu silahlar Hərbi Dəniz Qüvvələrləri, dəniz piyadaları və Quru Qoşunların silahlanmasına daxil ediləcək.

İlkin hesablamaya əsasən, yeni avtomatik tüfəngin alınmasına təxminən 400 milyon avro xərclənəcək. Quru Qoşunlar üçün uzun lüləli, Hərbi Dəniz Qüvvələrləri və dəniz piyadaları üçün qısa lüləli silahlar alınacaq.

Tenderdə iştirakı ehtimal edilən şirkətlər arasında “Heckler & Koch”, “FN Herstal”, “Sig Sauer” və “Colt” şirkətləri var.

FAMAS avtomatik tüfəngi 1970-ci illərin əvvəllərində hazırlanıb və 1977-ci ildə silahlanmaya qəbul edilib. Silahın istehsalçısı Fransanın MAS şirkətidir. Çəkisi 3,8 kiloqram təşkil edən FAMAS-ın atış qabiliyyəti dəqiqəyə min atəşdir. Tüfəng 450 metrə qədər uzaqlıqdakı hədəfləri vura bilər.

KATEQORIYA: