General Bəkir Kalyoncu: “Türkiyə Azərbaycan Daxili Qoşunlarına dəstəyini əsirgəməyəcək”

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “AzeriDefence”nin məlumatına görə, nümayəndə heyəti bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Səfər çərçivəsində generalın Azərbaycanın Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Bu gün səfər çərçivəsində B. Kalyoncu daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qəbul edilib. DİN-in saytında verilən məlumata görə, nazir R.Usubov dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib. Nazir iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarma Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan məmnunluqla bəhs edib.

Görüşdə qeyd olunub ki, kadr potensialının gücləndirilməsi və komplektləşdirilməsi məqsədi ilə Türkiyənin müxtəlif tədris müəssisələrində təhsil almaq üçün DİN xətti ilə 470-dən çox hərbi qulluqçu və müdavim göndərilib.

Nazir R. Usubov Türkiyə Jandarma Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

General B. Kalyonçu isə Azərbaycana səfərindən məmnunluğunu bildirib. Müvafiq qurumlar arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib.

Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını xatırladan general Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəyini, qarşılıqlı əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.

KATEQORIYA: