General-mayor Anar Kərimov: Minatəmizləmə əməliyyatlarında müasir texnika və avadanlıqlardan istifadə edirik

General-mayor Anar Kərimov: Minatəmizləmə əməliyyatlarında müasir texnika və avadanlıqlardan istifadə edirik

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Bunu “Poliqon”a açıqlamasında Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov bildirib.

General-mayor A. Kərimov vurğulayıb ki, təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin dekabr ayının 1-dən 12-dək ümumilikdə 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6863 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.

General-mayor A. Kərimov bildirib ki, Qarabağ ərazisində aşkarlanan çoxlu sayda döyüş sursatlarının Mühəndis Qoşunlarının bölmələri tərəfindən Ağdərə rayonun “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi aparılır: “Onların arasında külli miqdarda partlayıcı maddələr və minalar var. Ermənistan istehsalı olan minaları xüsusi olaraq vurğulamaq istəyirəm. Ermənistan istehsalı olan, xüsusilə piyada əleyhinə minalar, müxtəlif tipli əldə hazırlanmış partlayıcı atımlar, partlatma vasitələri aşkar edilmişdir və poliqonda mərhələli şəkildə Mühəndis Qoşunlarının bölmələri tərəfindən həm partlayış üsulu ilə, həm yandırma üsulu ilə zərərsizləşdirilməsi prosesi aparılır”.

Minatəmizləmə fəaliyyətinin mürəkkəb proses olduğunu söyləyən A. Kərmiov bu əməliyyatların bir çox qurum tərəfindən ANAMA-nın ümumi rəhbərliyi ilə birlikdə həyata keçirildiyini vurğulayıb.

“Ərazilərin bir qismi həddən çox çirklənib. Burada həm mina sahələrindən, həm də partlamamış döyüş sursatlarından söhbət gedir. Minatəmizləmə zamanı müxtəlif vasitələrdən istifadə edirik. Bunun üçün Azərbaycan Ordusu bilirsiniz ki, qardaş Türkiyədən 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşını alıb. Onlardan istifadə olunur. Minaaxtaran itlərdən də istifadə olunur. Eyni zamanda avadanlıqlarımız artıq müasirləşdirilib və artıq əlimizdə dünyanın ən aparıcı avadanlığı var.

Təmizləmə zamanı əvvəlcə ərazinin ilkin kəşfiyyatı, bundan sonra ərazi vəziyyətinin dəqiq qiymətləndirilməsi aparılır. Daha sonra qərar verilir ki, hansı üsul və vasitə ilə bu ərazilərin təmizlənməsi aparılmalıdır. Burada artıq beynəlxalq – dünya standartı səviyyəsində minatəmizləmədən söhbət gedir. Eyni zamanda sonradan bunun keyfiyyət yoxlanması həyata keçirilir və artıq həmin əraziyə doğrudan da təmizlənməsi ilə bağlı hüquqi şəkildə qiymət verilir”, – deyə MN-nin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi bildirib.

CATEGORIES
TAGS