General Novruzəli Orucov yeni vəzifəyə təyin olundu
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3 yeni rəis müavini təyin edilib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.
Bundan başqa, respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin ediliblər.
N. Orucov APA-ya açıqlamasında yeni vəzifəyə təyin olunduğunu təsdiqləyib. O bildirib ki, ölkə rəhbərliyinin etimadını doğrulmağa çalışacaq.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Bu arada APA agentliyi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birləşdiriləcəyi barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, hazırda qeyd olunan istiqamətdə iş aparılır. Yaxın günlərdə Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyinə keçiriləcək.