General-polkovnik Kərim Vəliyev: Ermənistanın silahlandırması Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur
Azərbaycan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur.
“Poliqon” xəbər verir ki, bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşündə deyib.
NATO nümayəndə heyəti Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb.
Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.