
GIDS-in beynəlxalq müdafiə arenasında yüksəlişini formalaşdıran strateji vizyonu – MÜSAHİBƏ
Pakistanın müdafiə sənayesində aparıcı dövlət qurumu kimi fəaliyyət göstərən “Global Industrial & Defense Solutions” (GIDS) bu gün artıq çoxşaxəli fəaliyyət sahələri, tədqiqat-istehsal imkanları və geniş ixrac coğrafiyası ilə regionun ən güclü müdafiə sənayesi konqlomeratlarından biri kimi tanınır. Hava, quru, dəniz, kibertəhlükəsizlik, kosmik texnologiyalar və PUA sahələrini birləşdirən GIDS, məhsul portfelinin müxtəlifliyi və beynəlxalq bazarlarda artan nüfuzu ilə Pakistanın müdafiə sənayesinin qlobal vitrindəki əsas təmsilçisinə çevrilib.
Pakistanın müdafiə sənayesində aparıcı konqlomerat olan GIDS-in təcrübəsi və regional strategiyası, xüsusən Pakistan-Azərbaycan və Pakistan-Türkiyə əməkdaşlığının fonunda daha da aktuallaşır.
“Poliqon” jurnalı olaraq, GIDS-in baş direktoru Asad KAMAL ilə şirkətin yaranma tarixi, innovasiya strategiyası, ixrac uğurları və Türkiyə də daxil olmaqla müxtəlif regionlarda həyata keçirilən əməkdaşlıq planları barədə əhatəli söhbət etdik. Bu müsahibə oxucularımıza GIDS-in regional güc mərkəzindən qlobal müdafiə oyunçusuna çevrilmə yolunu yaxından görmək imkanı verir.
POLİQON: Asad bəy, GIDS-in tarixçəsi barədə qısa məlumat verə bilərsinizmi? Şirkət hansı məqsədlə yaradılıb və bu günə qədər hansı nailiyyətlər əldə olunub?
Asad KAMAL: “Global Industrial & Defense Solutions” Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının tabeliyində fəaliyyət göstərən, müdafiə və texnoloji məhsulların ixracı ilə məşğul olan əsas dövlət müdafiə sənayesi konqlomeratıdir. Biz həm müharibə, həm də sülh dövrlərində Pakistan Silahlı Qüvvələrinə yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etdiyimiz üçün qürur duyuruq.
Məhsul portfelimiz hava, quru, dəniz, İT və kibertəhlükəsizlik, kosmik texnologiyalar, CBRN/NBC müdafiə və təhlükəsizlik sahələrini əhatə edən geniş çeşidli sistem və xidmətlərdən ibarətdir. GIDS həmçinin Pakistanın pilotsuz uçuş aparatlarının ən böyük dövlət istehsalçısı və dizayneridir.
Biz yeddi dövlət istehsal və Tədqiqat və İnkişaf (AR-GE) müəssisəsinin beynəlxalq kommersiya əməliyyatlarını və ixrac fəaliyyətlərini idarə edən “çətir” qurum kimi fəaliyyət göstəririk. Bu gün GIDS çoxşaxəli müdafiə sahələrində dünyanın müxtəlif ölkələrinə ixrac həyata keçirən Pakistanın aparıcı müdafiə təchizatçısıdır.
POLİQON: GIDS-i bu gün necə xarakterizə edərdiniz? Şirkətin əsas strukturu və önəmli faktları barədə məlumat verməyinizi xahiş edirik.
Asad KAMAL: GIDS 2007-ci ildə böyük istehsal bazası üçün “vahid pəncərə” ixrac təşkilatı kimi yaradılıb. Onun əsas mandatına marketinq, satış, müştəri münasibətləri, biznes danışıqları, müqavilələrin idarə edilməsi, hüquqi rəy və satış sonrası dəstək daxildir. Bu, çevik marketinq şirkətidir və arxa təsisatların biznes maraqları peşəkar komanda tərəfindən qorunur. Qısa desək, GIDS müştəriyə satış və biznes proseslərinin əvvəlindən sonunadək vahid əlaqə nöqtəsi təqdim edir.
POLİQON: GIDS-in geniş fəaliyyət portfeli barədə məlumat verə bilərsinizmi?
Asad KAMAL: GIDS-in fəaliyyət istiqaməti tamamilə müdafiə və təhlükəsizlik sahələrinə yönəlib. Arxa tərəf müəssisələrimiz bizə mütəmadi olaraq yeni məhsullar təqdim edir və biz həmin müdafiə məhsullarını qlobal tələblərə uyğun regionlarda bazara çıxarırıq.
POLİQON: GIDS dövlət qurumu olduğuna görə, Pakistan cəmiyyətində belə qurumlara çox vaxt “inkişafa qapalı” kimi stereotiplər mövcuddur. GIDS bu stereotipi necə qırıb? Dövlət şirkəti olaraq necə uğur qazanır və beynəlxalq nüfuzunu möhkəmləndirir?
Asad KAMAL: Bizim şansımız ondadır ki, GIDS-ə Birləşmiş Qərargah tərəfindən geniş əməliyyat və biznes muxtariyyəti verilib. Şirkətin bütün idarəetmə səviyyələrində peşəkar mütəxəssislər çalışır və bu, onun inkişafına ciddi töhfə verir.
Biz hədəflərimizi müəyyənləşdirir, fokuslanmış regional strategiyalar hazırlayır və onları məsul menecerlər vasitəsilə icra edirik. 2007-ci ildən bəri davam edən fasiləsiz “təkamül” prosesi bizə beynəlxalq müştərilərlə daha peşəkar işləmək imkanı qazandırıb. Təbii ki, görüləcək çox iş var və biz dəyişən qlobal müdafiə sənayesi tələblərinə uyğun olaraq proseslərin təkmilləşdirilməsi üçün daima rəy veririk.
POLİQON: GIDS hansı məhsul kateqoriyalarını ixrac edir və müdafiə bazarında özünəməxsus standartı necə formalaşdırıb?
Asad KAMAL: Son on ildə aviabombalar, fitillər, raketlər, tank əleyhinə idarə olunan raketlər (ATGM), PUA-lar və təhlükəsizlik/qarşıdurma vasitələri dünyanın müxtəlif qitələrində 10-dan çox ölkəyə ən çox ixrac edilən məhsullarımız olub. Son illərdə ağıllı silah sistemləri və pilotsuz uçuş aparatları Afrika və Cənubi Asiya regionlarında yüksək tələb görür. Bundan başqa, Körfəz regionunda tanınmış sənaye tərəfdaşları ilə birgə layihələrimiz davam edir.
POLİQON: GIDS-in PUA sahəsində bacarıq və təcrübəsi barədə danışa bilərsinizmi?
Asad KAMAL: GIDS-in pilotsuz uçuş aparatları üzrə 30 ildən artıq təcrübəsi var. PUA-lar bizim əsas ixtisaslaşma istiqamətlərimizdən biridir və kritik altsistemlərindən datalinklər, faydalı yüklər, korpus strukturu, INS, giroskoplar, avtomatik eniş, radio-elektron maneə vasitələri və s. Pakistanda yerli imkanlarla hazırlanıb.
Məhsul xəttimiz MALE sinfindən olan “Shahpar-II” PUA-sından (1000 km məsafə) tutmuş əl ilə atılan kiçik PUA-lara qədər geniş çeşidi əhatə edir. Eləcə də 200 km uçuş məsafəsinə malik katapult əsaslı UQAB NG hazırlamışıq. Bizim şüarımız bunu əks etdirir: “Hər missiya üçün PUA”.
POLİQON: GIDS son illərdə həm yerli, həm də beynəlxalq mediada tez-tez görünür. Hazırkı fəaliyyətləriniz barədə məlumat verə bilərsinizmi?
Asad KAMAL: Son illərdə GIDS bir çox müdafiə müqaviləsi imzalayıb və ölkəyə əhəmiyyətli valyuta gətirən uğurlu ixrac həyata keçirib. Biz hədəf bazarlarımız üzrə xüsusi regional strategiyalar hazırlamışıq və çevik, sərfəli həllər təklif edərək müştərilərin diqqətini cəlb etmişik. Bunun nəticəsi olaraq gəlirlərimiz və müştəri bazamız davamlı olaraq artır.
2020-ci ildə bir neçə böyük müqavilə bağlayaraq ciddi gəlir əldə etmişik və Afrika, Mərkəzi Asiya kimi yeni regionlarda mövqelərimizi genişləndirməyə davam edirik.
POLİQON: GIDS konqlomeratın rəhbəri kimi sizin visionunuz nədir? Şirkətin 2021-ci ildən sonrakı biznes planları barədə nə deyə bilərsiniz?
Asad KAMAL: Mən hesab edirəm ki, rəqabət inkişaf üçün bir fürsətdir. Biz rəqiblərimizi öyrənir, daha yaxşısını etmək üçün yollar axtarırıq. Mənim vəzifəm yuxarıdan aşağıya qədər şirkətin inkişaf vizyonunun hər kəs tərəfindən anlaşılmasını təmin etməkdir.
Daxili proseslərin təkmilləşdirilməsi, müştəri məmnuniyyəti və aqressiv satış strategiyası əsas prioritetlərimizdir. Müdafiə sənayesinin dinamikası fərqli olsa da, satışın əsas prinsipləri dəyişmir: müştəriyə yaxın olmaq, ehtiyacını anlamaq, həlli vaxtında çatdırmaq və komandanı dəstəkləmək.
2007-ci ildən bəri GIDS-in biznes izi Yaxın Şərqdən Cənubi Amerikaya, Mərkəzi Asiya dövlətlərindən Afrika ölkələrinə qədər genişlənib. Bu uğur komanda işinin və rəhbərliyin dəstəyinin nəticəsidir.
POLİQON: Beynəlxalq əməkdaşlıq proqramları ilə bağlı təcrübəniz necədir? Bu, daha çox fayda gətirir, yoxsa çətinlik yaradır?
Asad KAMAL: Hər ikisi var. Lakin nəticə uğurludursa, bütün çətinliklər dəyər. Beynəlxalq tərəfdaşlıqlar həm də insan resurslarına böyük təcrübə qazandırır. Texniki mübadilələr və birgə iş uzunmüddətli “qazan–qazan” modelini yaradır. GIDS də müdafiə sənayesində dəyişən tələbləri nəzərə alaraq beynəlxalq tərəfdaşlıqlara getdikcə daha aktiv yanaşır.
POLİQON: GIDS-i qlobal müdafiə bazarında necə mövqeləndirirsiniz? Əsas bazarlarınız hansılardır və yeni regionlara çıxış üçün hansı strategiyadan istifadə edirsiniz?
Asad KAMAL: Müdafiə bazarı çox böyükdür və hər kəs üçün yer var – yetər ki, “balıq tutmağı” biləsən. GIDS dörd qitədə müxtəlif müştəri portfelinə malikdir. Əsas bazarlarımız Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və indi bəzi məhsullar üzrə Türkiyədir. Biz hər bir ölkənin mədəniyyətini, satınalma strukturunu, tələblərini və büdcəsini nəzərə alaraq fərqli yanaşma tətbiq edirik. Qərb şirkətlərinin rəqabəti və Çin istehsalçılarının ucuz qiymətləri ciddi çətinlik yaradır, lakin peşəkar regional menecerlərimiz bu çətinliyi uğurla idarə edirlər.
POLİQON: Türkiyə bazarı üçün GIDS-in yanaşması nədən ibarətdir?
Asad KAMAL: Pakistan və Türkiyə arasındakı qardaşlıq münasibətləri tarixən çox güclüdür. 2020-ci ildə Türkiyə hökuməti ilə iki müdafiə müqaviləsi imzalamışıq – biri icra olunub, digəri davam edir. Türkiyəni həm ənənəvi məhsullar üçün mühüm bazar, həm də uzunmüddətli texnoloji əməkdaşlıq üçün strateji tərəfdaş hesab edirik. Hazırda bəzi iri dövlət şirkətləri ilə mühüm layihələr üzərində işləyirik və bu əməkdaşlığın daha da güclənəcəyinə inanırıq. İDEF-2025 sərgisinin bu istiqamətdə əhəmiyyətli töhfə verəcəyinə ümid edirik.
POLİQON: Müdafiə sənayesindən danışanda, əsasən Qərb, Rusiya və son illər Çin şirkətlərinin adları hallanır. Belə aqressiv rəqabətlə necə mübarizə aparırsınız?
Asad KAMAL: Əlbəttə, bu asan deyil. Bu sahədə hər müqavilənin arxasında ciddi strategiya və böyük zəhmət dayanır. Uğurun açarı düzgün tərəfdaş seçmək və müştəriyə əlavə dəyər təqdim etməkdir. Bu halda böyük şirkətlərlə rəqabətdə üstünlük qazanmaq mümkündür.
POLİQON: Texnoloji əməkdaşlıq barədə fikirləriniz necədir? GIDS bu istiqamətdə nə işlər görür?
Asad KAMAL: Son illər böyük müdafiə büdcələrinə malik bir sıra ölkələr xarici asılılığı azaltmaq üçün yerli müdafiə sənayesinin qurulmasına yönəlib və böyük TOP/TOT layihələri icra ediblər. Türkiyə isə bu yolu 30 il əvvəl keçib. Biz də 2015-ci ildən etibarən belə əməkdaşlıqlar üçün xüsusi məhsul xətti formalaşdırmışıq. Hazırda bir neçə kritik beynəlxalq layihədə tərəfdaşlarımızla işləyirik və yaxın gələcəkdə onların nəticəsini görəcəyimizə inanırıq.
POLİQON: GIDS-in IDEF-2025 sərgisində iştirakı barədə nə deyə bilərsiniz? Şirkətin neçə qurumu sərgidə təmsil edilib?
Asad KAMAL: Bu, bizim ənənəvi iştirakımızdır. Pakistan müdafiə sənayesinin bütün qurumları kimi GIDS də öz arxa müəssisələrinin məhsullarını vahid çətir altında təqdim edir. Bu dəfə “Bunyan-ul-Marsoos” əməliyyatında yüksək nəticə göstərmiş “Fatah” GMLRS ilk dəfə olaraq nümayiş etdirilib.
POLİQON: Oxucularımıza vermək istədiyiniz əlavə mesajınız varmı?
Asad KAMAL: Pakistan müdafiə sənayesində böyük potensial mövcuddur. Xarici tərəfdaşları bizə yaxın olmağa çağırıram. Biz dostluğa dəyər veririk və imkanlarımız bütün əməkdaşlıq modellərinə açıqdır: potensialın artırılması, bilik mübadiləsi və hazır məhsul təklifi daxil olmaqla. Qısası, müştərinin ehtiyac gördüyü hər yerdə əməkdaşlığa hazırıq.
Müsahibə “Poliqon” hərbi-kosmik texnoloji jurnalının son sayında yayımlanıb





