
Türkiyənin ASELSAN şirkəti Ankarada yerləşən “Oğulbey” Texnologiya Bazasında GÖKALP tutucu dron sisteminin nümayiş sınağını keçirib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, sınaq zamanı GÖKALP tutucu dron sisteminin düşmən PUA-larını aşkarlamaq və havada məhv etmək imkanları nümayiş etdirilib.
ASELSAN hazırladığı GÖKALP sistemi radar və elektro-optik sistemlər vasitəsilə təhdidləri aşkarlayır və düşmən PUA-larını avtonom şəkildə zərərsizləşdirir. Nəqliyyat vasitəsinə inteqrasiya olunan konstruksiyası bu sistemi pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı mobil və sərfəli həllə çevirir.
Nümayiş zamanı AURA radarı hədəf PUA-nı aşkarlayıb və real vaxt rejimində əldə etdiyi məlumatları DRONEDEF sisteminin komanda-idarəetmə proqram təminatı vasitəsilə GÖKALP E1 tutucu dronuna ötürüb. Bundan sonra GÖKALP E1 birbaşa toqquşma (hit-to-kill) üsulundan istifadə edərək hədəfi ələ keçirib və məhv edib.
DRONEDEF Türkiyənin inteqrasiya olunmuş çoxqatlı hava hücumundan müdafiə arxitekturası olan “Polad Qübbə” sisteminin PUA-lara qarşı mübarizə qatını təşkil edir. Sistem PUA təhdidlərinə koordinasiyalı cavab verilməsi üçün aşkarlama, komanda-idarəetmə və əks-tədbir imkanlarını vahid kompleksdə birləşdirir.
GÖKALP sisteminin nümayişi onun ayrı-ayrı komponentlərinin inteqrasiya olunmuş şəkildə işləməsini və real şəraitə yaxın sınaq mühitində hədəfləri ələ keçirmək imkanlarını uğurla nümayiş etdirib.







