
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün ADEX-2026 sərgisinin iştirakçılarına müraciət edib.
Sədr Haluk Görgünün eksklüziv olaraq POLİQON jurnalına açıqladığı müraciətdə deyilir:
“Türkiyə ilə Azərbaycan arasındakı bağ ortaq tariximizin, mədəniyyətimizin və qardaşlığımızın hüdudlarını aşaraq, birgə gələcək iradəsinin ifadəsidir. “Bir millət, iki dövlət” anlayışı bu gün siyasi və diplomatik münasibətlərimizdən iqtisadiyyata, enerjidən nəqliyyata, müdafiə və təhlükəsizlikdən yüksək texnologiyalara qədər uzanan geniş sahələrdə öz real təcəssümünü tapır.
Bu güclü bağın müdafiə sənayesindəki ən mühüm görüş nöqtələrindən biri, şübhəsiz ki, Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-dir. İlk dəfə 2014-cü ildə keçirilən və bu gün regionun aparıcı müdafiə sənayesi tədbirlərindən birinə çevrilən ADEX-in altıncı buraxılışı 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunur. ADEX-2026-nın təkcə məhsul və texnoloji imkanların nümayiş etdirildiyi sərgi olmaqla kifayətlənməyib, yeni əməkdaşlıqların inkişaf etdiriləcəyi, müdafiə texnologiyalarının gələcəyinin müzakirə olunacağı və uzunmüddətli tərəfdaşlıqların təməlinin qoyulacağı mühüm platforma olacağına inanıram.
ADEX-2026-da 61 müdafiə sənayesi şirkətimizlə iştirak edirik. Türkiyənin əvvəlki buraxılışlarda da diqqətçəkən iştirakının 2026-cı ildə bu səviyyəyə çatmasını son dərəcə əhəmiyyətli hesab edirəm. 61 şirkətimizin Bakıda olması bizim üçün sadəcə yüksək iştirak göstəricisi deyildir. Bu say Türkiyənin Azərbaycanla müdafiə sənayesi əlaqələrinə verdiyi əhəmiyyətin, sektorlarımız arasındakı qarşılıqlı etimadın və gələcəyə birlikdə addımlamaq iradəmizin güclü göstəricisidir.
Biz müdafiə sənayesindəki beynəlxalq əməkdaşlıqlarımıza uzunmüddətli perspektivdən yanaşırıq. Sahib olduğumuz mühəndislik potensialını dost və qardaş ölkələrin imkanları ilə birləşdirməyə, birlikdə inkişaf etdirməyə, birlikdə istehsal etməyə və yaradılan dəyəri birlikdə böyütməyə xüsusi önəm veririk. Bu baxımdan Türkiyə-Azərbaycan müdafiə sənayesi münasibətləri klassik təchizat əlaqələrindən çox-çox irəli gedərək, ortaq imkanların inkişafına əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu tərəfdaşlığın insan və institusional aspektlərini Milli Səriştə Hərəkatı ilə daha da gücləndiririk. ADEX-2024-də Müdafiə Sənayesi Akademiyamızın koordinasiyası ilə Təhsil Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. 2026-cı ildə bunu idarəetmə, təchizat və müqavilə idarəsi, tədqiqat-inkişaf/məhsul inkişafı, sənayeləşmə, ixrac, insan resursları və bilik transferini əhatə edən strateji yetkinlik və ekosistem transformasiyası müqaviləsi ilə daha yüksək mərhələyə daşıdıq.
Məqsədimiz yalnız mövcud sistemləri birlikdə istehsal etmək deyil. Ehtiyacları birlikdə öncədən müəyyənləşdirən, texnologiyanı birlikdə inkişaf etdirən, mühəndislərini və tədqiqatçılarını daha sıx əməkdaşlığa cəlb edən, qurumları və şirkətləri arasında davamlı əlaqələr quran bir model formalaşdırmaqdır. Beləliklə, iki qardaş ölkənin müdafiə sənayesi ekosistemləri arasındakı mövcud güclü əlaqəni gələcəyin kritik texnologiyalarını da əhatə edən daha dərin əməkdaşlıq modelinə çevirə bilərik.
61 şirkətimizin Bakıda formalaşdıracağı güclü təmsilçiliyin yeni layihələrin, yeni sənaye tərəfdaşlıqlarının və yeni texnoloji əməkdaşlıqların başlanğıc nöqtələrindən biri olmasını arzulayırıq. Sərgi müddətində qurumlarımız, şirkətlərimiz və sektor nümayəndələrimiz arasında keçirilən görüşlərin konkret layihələrə çevrilməsi, mühəndislərimizin daha çox birlikdə çalışması, istehsal, tədqiqat-inkişaf və texnologiya inkişafı proseslərimizin bir-birini daha güclü şəkildə tamamlaması əsas prioritetlərimiz arasındadır.
Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsindəki imkanlarını birlikdə daha da irəli aparması təkcə iki qardaş ölkənin təhlükəsizliyinə töhfə verməyəcək. Bu birlik, eyni zamanda yerləşdiyimiz coğrafiyada sabitliyin, çəkindiriciliyin və davamlı sülhün daha möhkəm təməllər üzərində qurulmasına xidmət edəcək.
Bizim yanaşmamız aydındır: Qardaşlığımızı texnologiya ilə gücləndirmək, texnologiyamızı ortaq qabiliyyətə çevirmək və ortaq imkanlarımızla gələcəyimizi birlikdə qurmaq. ADEX-2026-nın bu iradənin yeni və güclü təzahürü olacağına ürəkdən inanıram.
Bu fürsətdən istifadə edərək ADEX-2026-nın qardaş Azərbaycana, Türkiyəyə və sərgidə iştirak edən bütün dost ölkələrə xeyirli olmasını arzulayıram.
“Bir millət, iki dövlət” anlayışımızdan aldığımız güclə birgə inkişaf etdirməyə, birlikdə istehsal etməyə və ortaq gələcəyimizi texnologiya ilə birlikdə qurmağa davam edəcəyik.”





