“Hanwha” və “Oshkosh” şirkətləri birgə PDM hazırlayacaq

“Hanwha” və “Oshkosh” şirkətləri birgə PDM hazırlayacaq

“Hanwha Defence” və “Oshkosh Defence” şirkətləri ABŞ Ordusu üçün yeni nəsil IFV (infantry fighting vehicle) piyada döyüş maşını (PDM) yarışmasında iştirak etmək üçün bir araya gəlir.

“Poliqon” xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat verib.

Cənubi Koreyanın “Hanwha Defence” şirkəti, ABŞ-ın öndə gedən müdafiə şirkətlərindən biri olan “Oshkosh Defence” ilə ABŞ ordusunun yeni növbəti nəsil döyüş maşınlarının rəqəmsal layihələndirilməsi mərhələsi üçün eksklüziv birləşmə müqaviləsi imzalayıb.

Bu birləşmə, “Optionally Manned Fighting Vehicle” (OMFV) proqramı çərçivəsində “Bradley M2A3” PDM əvəzinə yeni piyada döyüş vasitəsinin hazırlanması proqramında iştirak məqsədi ilə baş tutub.

OMFV proqramı, 1980-ci illərin əvvəllərində istismara başlamış “Bradley M2A3″ PDM əvəzinə yeni PDM yaradılmasında əsas elementdir. Beş fazalı alış proqramının planı üzrə ilk müqavilənin imzalanması 2021-ci maliyyə ilinin dördüncü rübündə gözlənilir. Plana əsasən, ilk bölmələr öz yeni OMFV döyüş maşınlarını 2028-ci maliyyə ilinin dördüncü rübündə alacaqlar.

“İki yenilikçi, etibarlı və müvəffəqiyyətli şirkətin birgə səyləri, “Hanwha”  və “Oshkosh” şirkətlərinin digər konsorsium tərəfdaşlarımızla birlikdə Amerika əsgərinin layiq olduğu yeni nəsil piyada döyüş maşınlarını yaratacağına böyük inam verir”, –  deyərək ABŞ Ordusunun ehtiyatda olan general-leytenantı Bernard S.Şampu bildirib.

“Hanwha Defence” şirkəti, bir çox sübut edilmiş həllərdə yarım əsrlik təcrübəsi, imkanları və texnologiyası ilə Koreya Respublikasında aparıcı təkərli və tırtıllı döyüş maşınları və silah sistemlərinin yaradıcısıdır. “Hanwha Defence” şirkəti qlobal mövcudluğunu genişləndirərək, Koreya Respublikası üçün, eləcə də Malayziya, Norveç, Finlandiya, Estoniya, Polşa, Türkiyə və Hindistana ixrac üçün 7000-dən çox müasir döyüş vasitəsi istehsal edib.

“Hanwha Defence Australia” törəmə şirkəti, Avstraliya Ordusu üçün yeni tırtıllı piyada döyüş maşını üçün keçirilən müsabiqədə yarışır.

İşlər, Avstraliyanın “Land 400” proqramının üçüncü mərhələsinin çərçivəsində keçirilir. Proqram çərçivəsində Avstraliya Müdafiə Nazirliyi özünün piyada döyüş maşınlarına əvəz axtararaq yeni döyüş vasitəsində altı döyüşçünün və üç heyət üzvünün daşınması kimi texniki tələblər irəli sürüb.

2021-ci il ərzində hər iki döyüş vasitəsinin müxtəlif növ sınaqları davam edəcək və nəticələrə əsasən 2022-ci ildə Avstraliya hökuməti yeni döyüş maşını ilə bağlı son qərarını verəcəkdir.

Layihə əsasında 450-ə qədər döyüş maşınını alınacaq. Bundan başqa, Avstraliya Müdafiə Qüvvələrinin Quru Qoşunları ayrıca olaraq 30 ədəd Cənubi Koreya istehsalı 155 mm K9 “Thunder” özüyeriyən artilleriya qurğusu və onlar üçün K10 (ARV) nəqliyyat-doldurma maşınları da alacaqdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS