“HAVELSAN-Bakı” ofisi Azərbaycanda HAVELSAN sistemlərinə texniki dəstək təmin edəcək

Türkiyənin HAVELSAN şirkətinin “HAVELSAN-Bakı” ofisi tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinə tövsiyə etdiyi sistemlərin quraşdırılması, texniki dəstək fəaliyyətləri yerində və sürətlə, fasiləsiz olaraq təmin ediləcək.
“Poliqon” xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar POLİQON jurnalına müsahibəsində bildirib.
Şirkət direktorunun sözlərinə görə, HAVELSAN şirkəti Azərbaycana verdiyi önəmi göstərmək üçün 2021-ci ilin son rübündən etibarən Bakıda filialını açıb: Bu sayədə il ərzində Türkiyə ilə Azərbaycan arasında səyahətlər edilməsi əvəzinə, fəaliyyətlərimizi və mümkün əməkdaşlıqları yerində izləməyi hədəfləyirik.
Ehtiyacların təhlili, spesifikasiyaların hazırlanması və tenderlərin yekunlaşdırılmasından sonra zəruri logistik dəstəyin təmin edilməsi və təlimlərin yerində keçirilməsi baxımından yerli strukturun yaradılması son dərəcə vacibdir.
Beləliklə, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinə tövsiyə etdiyimiz sistemlərimizin quraşdırılması məqsədi çərçivəsində texniki dəstək fəaliyyətləri yerində və sürətlə, fasiləsiz olaraq təmin ediləcək”.
Mehmet Akif Nacar bildirib ki, hərbi sənayedən başqa, mülki sahələrdə də HAVELSAN məhsul və həllərini təklif etmək və fəaliyyətlərinin daha səmərəli hala gətirilməsi məqsədilə; Azərbaycan dövlətinin bir çox qurumları ilə əlaqələri gücləndirilməsi üçün də yerli strukturlaşma ehtiyacının olduğu açıqdır.
“HAVELSAN olaraq yeni texnologiyalarda gəldiyimiz nöqtə və hədəflərimizi Azərbaycanın sahib olduğu potensialı ilə dəstəkləmək və gücləndirmək üçün ciddi iradəyə sahib olduğumuzu da bir daha qeyd etmək istərdik”, – deyə HAVELSAN şirkətinin baş direktoru vurğulayıb.




