HAVELSAN-ın ADVENT və FLEETSTAR sistemləri İndoneziya HDQ-yə təhvil verilib

HAVELSAN-ın ADVENT və FLEETSTAR sistemləri İndoneziya HDQ-yə təhvil verilib

HAVELSAN tərəfindən milli imkanlarla hazırlanan ADVENT döyüş idarəetmə sistemi (DİS) və FLEETSTAR gəmi məlumat paylama sistemi qəbul fəaliyyətlərindən sonra İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, İndoneziya HDQ-yə məxsus KCR-60 platformasına inteqrasiya edilən ADVENT və FLEETSTAR sistemlərinin dəniz qəbul və real atış sınaqları uğurla başa çatdırılıb.

Qəbul fəaliyyətlərindən sonra sistemlər 622 bort nömrəli KRI BELATI hücum katerində Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

İndoneziyanın PT TESCO INDOMARITIM tərsanəsi tərəfindən inşa edilən bu platforma HAVELSAN-ın xarici fəaliyyətləri baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, HAVELSAN şirkəti Uzaq Şərqdə ilk tədarükünü İndoneziya HDQ-yə edib.

Aparılan sınaqlar zamanı ADVENT sisteminin yüksək göstəriciləri və HAVELSAN nümayəndələrinin altsistemlərə göstərdiyi operativ texniki dəstək SATGAS test heyəti, İndoneziya Müdafiə Nazirliyi və PT TESCO INDOMARITIM tərsanəsi tərəfindən yüksək qiymətləndirilib.

KRI BELATI-622, İndoneziyada HAVELSAN tərəfindən təhvil verilən ilk ADVENT döyüş idarəetmə sistemi və FLEETSTAR gəmi məlumat paylama sistemi layihəsi kimi tarixi əhəmiyyət daşıyır.

HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar çatdırılma ilə bağlı verdiyi açıqlamada, 2022-ci ildə imzalanan müqavilə çərçivəsində İndoneziyanın yerli PT TESCO INDOMARITIM tərsanəsi ilə birgə bu layihəyə başladıqlarını bildirib.

“İndoneziya Müdafiə Nazirliyi və PT TESCO tərsanəsi ilə olduqca səmərəli və ahəngdar əməkdaşlıq nəticəsində ilk çatdırılmamızı KRI BELATI-622 platforması üçün həyata keçirdik. ADVENT döyüş idarəetmə sistemimiz və FLEETSTAR gəmi məlumat paylama sistemimiz, Türkiyə Hərbi Dəniz Qüvvələrinin platformalarında olduğu kimi, bu platformada da yüksək uğur nümayiş etdirdi. Bu layihədəki uğurumuzu OPV-90, “Merah Putih” və digər KCR-60, KCR-70 sinifli platformalarda da artıraraq davam etdirməyi hədəfləyirik. Layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm”, – deyə baş direktor qeyd edib.

CATEGORIES
TAGS