
Belarus “Sapsan” mobil antidron kompleksini adı açıqlanmayan iki Afrika ölkəsinə təklif edib.
“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, əgər tərəflər arasında müqavilə imzalanarsa, ilk antidron kompleksləri 2025-ci ilin noyabr ayında müştərilərə təhvil verilə bilər.
“Sapsan” mobil antidron kompleksi kritik əhəmiyyətli obyektləri kiçik pilotsuz uçuş aparatlarından (PUA) qorumaq üçün nəzərdə tutulub. Kompleks, avtomatlaşdırılmış rejimdə PUA-ların axtarışını, aşkarlanmasını, izlənməsini, elektron söndürülməsini və vurularaq məhv edilməsini həyata keçirir.
Belarus Silahlı Qüvvələri tərəfindən istismara qəbul olunmuş MZKT-500-200-010 taktiki yük maşınının şassisi üzərinə quraşdırılan “Sapsan” açıq sistem arxitekturasına malikdir ki, bu da ona müxtəlif sistemlərin (radar, elektro-optik, elektron kəşfiyyat, döyüş modulu və s.) inteqrasiyasına imkan verir.
Qeyd edək ki, Belarus Dövlət Hərbi Sənaye Komitəsi tərəfindən “Sapsan” mobil antidron kompleksi 21-24 may tarixlərində Minsk şəhərində keçiriləcək MILEX-2025 XII Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində nümayiş etdiriləcək.




