
HAVELSAN-ın Azərbaycan ofisi fəaliyyətə başlayır
Covid-19 pandemiyasının davam edən bütün mənfi təsirlərinə baxmayaraq, HAVELSAN 2021-ci ildə xaricdə uğurlu və istiqrarlı bir performans nümayiş etdirib.
Bunu HAVELSAN şirkətinin baş direktoru Dr. Mehmet Akif Nacar POLİQON jurnalına müsahibəsində deyib.
“HAVELSAN üçün 2021-ci il xaricdə, xüsusilə Azərbaycan, Qətər və İndoneziya ilə müdafiə layihələrində çox mühüm və uzunmüddətli əməkdaşlığa səbəb olacaq yeni müqavilələrin həyata keçirildiyi bir il oldu. Hazırda bu müqavilələr çərçivəsində istehsalı davam edən layihələrimizin ixracını qarşıdakı illərdə gerçəkləşdirəcəyik. Başqa sözlə, deyə bilərəm ki, qarşıdakı illərdə komanda nəzarət texnologiyalarına aid məhsul və həllərimiz ilə təlim və simulyasiya sistemləri sahəsindəki informasiya və kommunikasiya sistemləri proqram təminatının satışları birdən çox ölkəyə həyata keçiriləcək.
Bu günə qədər Qətər, Oman, Küveyt, Malayziya və Pakistandakı ofislərimiz; İndoneziya və Banqladeşdə yerli işçilərimiz var. Bu ölkələrlə yanaşı, 2021-ci ildə xarici mövcudluğumuzu qurduğumuz ölkə Azərbaycan olub. Ölkə menecerimiz Bakıda məskunlaşıb və 2022-ci il ərzində Azərbaycan ofisimiz fəaliyyətə başlayacaq”, – deyə HAVELSAN şirkətinin baş direktoru vurğulayıb.
Mehmet Akif bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2022-ci ili də mövcud və yeni bazarlarda yeni əməkdaşlıqlar, bazarın və biznesin inkişafı fəaliyyətlərinə diqqət yetirəcəkləri bir il olacaq: “Bu mənada digər mühüm bazarlarda, xüsusən də Azərbaycanda mövcudluğumuzu genişləndirməyə və şaxələndirməyə davam edəcəyik. Bu mənada deyə bilərəm ki, 2022-ci ildə bizim xarici bazar və biznesin inkişafı fəaliyyətimiz xeyli dərəcədə Azərbaycanda cəmləşəcək”.