
“Havelsan” şirkəti BAHA PUA-nın sınaqlarının ilk mərhələsini tamamlayıb
Türkiyədə “Havelsan” şirkətinin istehsalı olan və “sürü” rejimində işləyən BAHA pilotsuz uçuş aparatının (PUA) ilk sınaqları keçirilib. BAHA PUA kəşfiyyat və müşahidə üçün təyin edilib.
Bu barədə “Poliqon”a “Havelsan” şirkətindən məlumat verilib.
Türkiyənin “Havelsan” müdafiə şirkəti “rəqəmsal bölmə” konsepsiyası əsasında hazırlanmış, şaquli uçma və enmə qabiliyyətinə malik yeni BAHA PUA-nın sınaqlarının birinci mərhələsini başa vurub.
Məlumatda bildirilir ki, müdafiə strukturlarının nümayəndələri də yeni PUA-nın sınaqlarını izləyiblər. Sınaqların nəticələri və müştərilərin istəkləri dronun daha da təkmilləşdirilməsi üçün əsas götürüləcək. Sahə sınaqlarının yeni mərhələsi 2022-ci ilin əvvəlinə planlaşdırılır. PUA-nın sınaqları müxtəlif ərazi şəraitində sərhədyanı zonada həyata keçirilib.
BAHA PUA-nın kütləsi 30 kq-dır. Dron 5 kq ağırlığında faydalı yük daşıya bilir. PUA avtonom rejim də daxil olmaqla buludlu havada vəzifələri yerinə yetirir və “sürü” alqoritmi bir dəstədə eyni anda bir neçə PUA istifadə etməyə imkan verir.
İstehsalçı şirkətdən bildiriblər ki, “PUA-nın hesabat üzrə işləmə hündürlüyü təqribən 3000 metrdir və yerüstü stansiyanın dəstəyi ilə 10 km-ə qədər uça bilir. Bir neçə PUA-nı eyni anda idarə etmək üçün bir operator kifayətdir. Məqsəd eyni vaxtda 20-30 PUA sınamaqdır. Sürü alqoritminin 2022-ci ilin ortalarında uğur qazanacağına ümid edirik”.
Əhəd Əzizov