Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib – FOTOLAR

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib – FOTOLAR

İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutunun növbəti buraxılış mərasimi keçirilib.

“Poliqon” xəbər verir ki, hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

General-polkovnik Z.Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.

Müdafiə naziri bildirib ki, ordunun peşəkar kadr potensialının artırılması istiqamətində Heydər Əliyev adına Hərbi İnstitutunun rolu xüsusidir.

Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışan general-polkovnik Z.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Ordusunun hərbi təhsil sisteminin Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması məqsədilə yaradılmış Milli Müdafiə Universiteti Ordumuz üçün ali hərbi təhsilli zabitlərin və hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, o cümlədən hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin edir.

Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, hərbi institutun məzunlarının da şücaətini xüsusi vurğulayan nazir, hərbçilərimizin qəhrəmanlıqlarının ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Müdafiə naziri məzunlara ölkəmizin gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.

General-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.

Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarına diplomlar təqdim olunub.

Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər.

Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

CATEGORIES
TAGS