
Rusiya Silahlı Qüvvələri 4000-dən çox zirehli texnika təhvil alıb
Rusiya Silahlı Qüvvələri 4000-dən çox zirehli texnika, 180 döyüş təyyarəsi və helikopter təhvil alıb.
“Poliqon” xəbər verir ki, bunu Hərbi-Sənaye Komissiyasının iclasında Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, ötən il Rusiyanın bütün müdafiə müəssisələri dövlət müdafiə sifarişi üzrə tapşırıqları tam, səmərəli və vaxtında, hətta bəzi silah növləri ilə bağlı tapşırıqları vaxtından əvvəl yerinə yetiriblər: “Məsələn, silahların, rabitə sistemlərinin, kəşfiyyat və elektron döyüş sistemlərinin istehsalı iki dəfədən çox artıb. Qoşunlar 4000-dən çox zirehli texnika, 180 döyüş təyyarəsi və helikopter alıb”,
Rusiya prezidenti bildirib ki, ölkənin Silahlı Qüvvələrinə FPV tipli dronlar da daxil olmaqla, ümumilikdə bir milyon yarımdan çox müxtəlif tipli pilotsuz uçuş aparatı (PUA) çatdırılıb.
“Bu silahlar hələ də azdır. Yetərli deyil. Müdafiə Nazirliyinin, nazirin, sənaye müəssisələrinin göstərdiyi səylərdən xəbərim var. Planlar var, iş əslində hər gün gedir. Əminəm ki, lazımi avadanlıqların, bu dronların istehsalının artırılması ilə bağlı bütün planlar mütləq yerinə yetiriləcəkdir”, – deyə V.Putin vurğulayıb.
O qeyd edib ki, müxtəlif təyinatlı və bazalı robot sistemlərinin istehsalını sürətləndirmək də vacibdir: “İnsansız katerlərə və digər dəniz sistemlərinə xüsusi diqqət yetirilməlidir. Cari vəzifə müxtəlif hədəfləri, xüsusən də PUA-ları, gələcəkdə isə digər hərbi texnikaları: təyyarələr, raketlər və s. vurmağa qadir lazer sistemlərinin hazırlanmasıdır. Bu sahədə bizim müəyyən praktiki inkişaflarımız var və istehsal edilmiş komplekslər artıq mövcuddur, lakin biz bu ən müasir, tələbatlı, perspektivli sahələrdə daha sürətlə hərəkət etməliyik”.