
ABŞ-ın “Boeing” şirkəti MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsinin (PDT) gizlilik (stealth) qabiliyyətlərini təsdiqləyən yeni sınaq nəticələrini təqdim edib.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, radar kəsiyi (RCS) testləri MQ-28-in düşmən radarları tərəfindən aşkar edilməsini xeyli çətinləşdirdiyini göstərib.
Bu isə platformanın mübahisəli hava məkanlarında daha təhlükəsiz və effektiv fəaliyyət göstərə bilməsi deməkdir.
Şirkətin bildirdiyinə görə, MQ-28-in dizaynı, istehsal texnologiyası və istifadə olunan materiallar radar siqnallarının əks olunmasını minimuma endirmək üçün optimallaşdırılıb ki, bu da onun gizlilik xüsusiyyətlərini gücləndirir.
MQ-28 “Ghost Bat” konsepti pilotlu döyüş təyyarələri ilə birlikdə işləmək üçün nəzərdə tutulub və əsasən kəşfiyyat, müşahidə və elektron müharibə kimi tapşırıqlarda istifadə olunması planlaşdırılır. Pilotsuz təyyarənin aşağı radar izi onun riskli əməliyyatlarda daha geniş missiya imkanları qazanmasına şərait yaradır.
RCS testləri həmçinin platformanın satınalma və sertifikasiya proseslərinə dəstək verək, gələcək taktika və əks-taktikaların hazırlanmasına töhfə verir.
Beləliklə, MQ-28-in təsdiqlənmiş gizlilik xüsusiyyətləri onun müttəfiq hava qüvvələri üçün perspektivli birgə döyüş təyyarəsi (collaborative combat aircraft) kimi mövqeyini daha da gücləndirir.




