Hindistan əlavə 200 ədəd K9 “Vajra-T” ÖAQ alır
Hindistan Müdafiə Nazirliyi əlavə 200 ədəd K9 “Vajra-T” özüyeriyən artilleriya qurğusununun (ÖAQ) alınması üçün yeni müqavilə imzalamağa hazırlaşır.
“Poliqon” xəbər verir ki, potensial müqavilə 1,5 milyard ABŞ dolları dəyərində qiymətləndirilir və cari ilin 10-13 mart tarixlərində Hindistanın Qandinahar şəhərində keçiriləcək “Defexpo İndia-2022” quru və hərbi-dəniz silahlarının 12-ci Beynəlxalq sərgisində imzalana bilər.
Yeni alınacaq 200 ədəd özüyeriyən haubitsa yerli “Larsen & Toubro” (L&T) şirkətində artıq sifariş edilmiş və yığılmış 100 ədəd ÖAQ-ı tamamlayacaq (həmçinin bax: Hindistan Ladakx bölgəsində K9 “Vajra-T” özüyeriyən haubitsalarını yerləşdirib).
Xatırladaq ki, K9 “Vajra-T” ÖAQ Cənubi Koreyanın 155 mm çaplı K9 “Thunder” özüyeriyən haubitsasının təkmilləşdirilmiş versiyasıdır. Cənubi Koreya Müdafiə Nazirliyi 1989-cu ildə “Samsung Techwin” şirkətinə yeni özüyeriyən artilleriya qurğusunun hazırlanmasını sifariş edib və on il sonra ilk K9 “Thunder” ÖAQ silahlanmaya daxil olub.
K9 “Thunder” 40 km-dən artıq məsafədən, “ağıllı” “Excalibur” mərmilərindən istifadə edərkən isə 50 km-dən artıq məsafədən hədəfləri yüksək dəqiqliklə vura bilir. K9 “Vajra-T” özüyeriyən silahlarının xüsusiyyətləri ümumiyyətlə K9 “Thunder” ilə uyğundur, lakin dağlıq ərazilərdə aşağı temperaturlarda işləmək üçün daha yaxşı uyğunlaşdırılıb.
Əhəd Əzizov