Hindistan Ermənistana 155 mm-lik ATAGS haubitsaları tədarük edib

Hindistan Ermənistana 155 mm-lik ATAGS haubitsaları tədarük edib

Hindistan ötən ay Ermənistana 6 ədəd 155 mm-lik ATAGS haubitsası təhvil verib.

“Poliqon” “Indian Defence Research Wing” nəşrinə istinadən xəbər verir ki, bu, “Bharat Forge” şirkətinin icraçı direktoru Baba Kalyani tərəfindən təsdiqlənib.

Nəşrin bildirdiyinə görə, sözügedən tədarük Ermənistanın 155.5 milyon ABŞ dolları dəyərindəki 90 ədədlik ATAGS haubitsa sifarişi əsasında həyata keçirilir.

Sifariş üzrə yerdə qalan 84 ədəd ATAGS haubitsasının növbəti üç il ərzində Ermənistana çatdırılması nəzərdə tutulur və “Bharat Forge” bu tədarükü vaxtından əvvəl yekunlaşdırmağı planlaşdırır.

Qeyd olunub ki, Ermənistan “Bharat Forge” şirkətinə ATAGS sifariş edən ilk xarici ölkədir və onlar bu sifarişi verməzdən əvvəl iki ay ərzində Poxran dağ silsiləsində haubitsaları ciddi sınaqlardan keçirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Hindistan mediasında Hindistanın Ermənistana 155 millimetrlik ATAGS haubitsalarını tədarük edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt isə “Bharat Forge” şirkəti bu xəbərləri nə təsdiq, nə də təkzib etmişdi.

CATEGORIES
TAGS