Hindistan MiQ-21-dən imtina edir
Hindistan Hərbi Hava Qüvvələrində (HHQ) MiQ-21-lərin istismarı kütləvi şəkildə dayandırılacaq.
“AzeriDefence”nin məlumatına görə, Hindistanın müdafiə naziri Arakaparmbil Kurian Entoni deyib ki, bu prosesin 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulub: “Hazırda Hindistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri parkının 40 faizini MiQ-21-lər təşkil edir. Qırıcıların istismarının dayandırılması prosesinə isə 2014-cü ildən başlanacaq. Bu təyyarələrin yerini isə FGFA və MMRCA qırıcıları tutacaq”.
Hindistan Müdafiə Nazirliyinin statistikasına görə isə hərbi təyyarələrdə baş verən qəzaların əksəriyyəti MiQ-21-lərdə baş verir. Təkcə 2011-ci ildə qəza hadisələri zamanı Hindistan 7 təyyarə itirib ki, bunlardan 6-sı MiQ-21-lərdir.
Qeyd edək ki, Hindistan bu təyyarələrdən istifadəyə 1960-cı ildən başlayıb.