
Hindistan Ordusu “Arjun” MK-1A tankları alır
Hindistan Müdafiə Nazirliyi “Heavy Vehicles Factory” (HVF) müəssisəsi ilə 118 ədəd “Arjun” MK-1A tankının tədarükü barədə müqavilə imzalayıb.
“Poliqon” Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə əsasən, 118 ədəd tankın dəyəri 75,2 milyard rupi (təxminən 1,02 milyard ABŞ dolları) təşkil edir.
Şərtlərə uyğun olaraq ilk 5 ədəd yeni tank 30 ay ərzində təhvil veriləcək, sonra isə illik tədarük 30 ədəd olacaq. “Arjun” MK-1A tankının ilk nümunəsi orduya bu ilin fevral ayında təhvil verilib. İndi isə müqavilə rəsmən imzalanıb və HVF müəssisəsi tanklarının seriyalı yığımına başlayır.
“Arjun” MK-1A tankı bir çox qabaqcıl texnologiya sistemi ilə təmin edilən üstün atəş gücü və dəqiqliyi, yüksək keçidli mobillik qabiliyyəti və dəfedilməz çoxqatlı qoruma ilə təchiz edilib. Tank düşmənə gecə-gündüz, həmçinin statik və dinamik rejimlərdə hücum edə bilir. Bu qabiliyyətlər sayəsində yerli yeni əsas döyüş tankı sinifindəki heç bir müasir tankdan geri qalmır. Bu tank Hindistan şərtlərinə uyğun xüsusi olaraq konfiqurasiya edilib və hazırlanıb.
Qeyd edək ki, “Arjun Mark 1A” tankı DRDO (Defence Research and Development Organisation) tərəfindən 2011-ci ildə təqdim edilib və Hindistanda yaradılmasına 37 il vaxt sərf edilmiş “Arjun” MK-1 tankının dərin təkmilləşdirilmiş versiyasıdır. Zamanında “Arjun Mark 1A”da istifadə olunan bir sıra yenilikçi həllərə baxmayaraq, Hindistan Müdafiə Nazirliyi bu döyüş maşınının genişmiqyaslı yığımını sifariş etməkdən imtina edib. Müdafiə Nazirliyi tankda 93 qüsur sayıb ki, bunlardan ən böyüyü tankın “artıq kütləsi”dir. Tankın zirehli müdafiəsinin nisbətən zəif olmasına baxmayaraq kütləsinin təxminən 68 ton olması onu dünyanın ən ağırlarından birinə çevirib. Bu səbəbdən də onun hava nəqliyyatı ilə nəql edilməsi imkanları məhduddur. Bundan başqa, çaylar və ya bataqlıq ərazi “Arjun Mark 1A” üçün demək olar ki, aşılmaz bir maneəyə çevrilir – Hindistandakı körpülərin böyük əksəriyyəti belə böyük maşının ağırlığına tab gətirə bilməz.
Əhəd Əzizov