Hindistan özünün NATO standartlarına uyğun olan ilk zirehli avtomobilini yaradıb

Hindistan özünün NATO standartlarına uyğun olan ilk zirehli avtomobilini yaradıb

Hindistanın “Tata” (Tata Advanced Systems Ltd – TASL) şirkəti NATO standartlarına uyğun olan ilk zirehli TASL 4×4 LAMV avtomobilini yaradıb.

“Poliqon” xəbər verir ki, istehsalçı şirkət Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 beynəlxalq müdafiə sərgisində özünün ilk NATO standartlarına uyğun TASL 4×4 LAMV zirehli avtomobilini təqdim edib.

Şirkətdən bildirilib ki, ixrac üçün nəzərdə tutulan TASL 4×4 LAMV zirehli avtomobilinin qlobal bazara çıxarılması Hindistanın müdafiə imkanlarının qlobal səhnədə nümayiş etdirilməsində mühüm mərhələni qeyd edir. Həmçinin qeyd edilib ki, bu inkişaf sayəsində şirkət dünya zirehli texnika bazarına ixracatçı kimi çıxmağı hədəfləyir. Xüsusilə şirkət BƏƏ-də zirehli texnikanın birgə istehsalına hazır olduğunu açıqlayıb.

“Tata” müdafiə şirkətindən onu da bildiriblər ki, TASL 4×4 LAMV zirehli avtomobili konkret ölkənin tələblərinə uyğun olaraq konfiqurasiya edilə bilər.

Zirehli avtomobil havada daşınma tələbləri nəzərə alınmaqla hazırlanıb və iki fərqli versiyada mövcuddur: kəşfiyyat əməliyyatları üçün avadanlıqla birlikdə bir sürücü və üç heyət üzvünün yerləşdiyi konfiqurasiya, qoşunların daşınması üçün isə 11 nəfərə qədər oturacaqlı LAMV avtomobilinin genişləndirilmiş konfiqurasiya təklif olunur.

Zirehli avtomobil həm səhralarda, həm də yüksək dağlıq bölgələrdə fasiləsiz işləmək üçün inkişaf etdirilib və maksimal sürəti saatda 100 km-ə çatdıra bilir.

Avtomobil NATO STANAG 4569 standartının 3-cü ballistik mühafizə səviyyəsinə (STANAG 4569 Level 3) uyğun olaraq zirehlə təchiz olunub. Bu isə o deməkdir ki, zirehli avtomobil 30 m məsafədən 7,62×51 mm-lik zirehdələn güllələrdən, 60 m məsafədən isə 155 mm-lik mərminin qəlpələrindən zədələnmədən qoruyur.

“Tata” şirkəti yeni TASL 4×4 LAMV zirehli avtomobili üçün Böyük Britaniya, Qərbi Asiya, Şimali Afrika və Latın Amerikası ölkələrini hədəf bazarlar kimi görür.

Xatırladaq ki, “Tata Advanced Systems Limited” (TASL) Hindistanın aerokosmik istehsalı, hərbi mühəndislik və müdafiə texnologiyaları şirkətidir. O, “Tata Group” holdinqinin “Tata Sons” şirkətinin tam mülkiyyətində olan törəmə şirkətdir.

Şirkətin məhsulları sırasına hərbi avtomobillər, pilotsuz uçuş aparatları (PUA), artilleriya alayı üçün Rajak (Rajak-XLR və Rajak-ULR) teplovizorlar və gecəgörmə cihazları, Lanza-N radiolokasiya stansiyası və kosmik peyklər daxildir.

Şirkət hərbi maşın olaraq Tata LSV (Light Specialist Vehicle), Tata Mine Protected Vehicle (4×4), Tata 2 Stretcher Ambulance, Tata 407 Troop Carrier, Tata SA 1212 Troop Carrier, Tata LPTA 713 TC (4×4), Tata LPT 709 E, Tata SD 1015 TC (4×4), Tata LPTA 1615 TC (4×4), Tata LPTA 1615 TC (4×2), Tata LPTA 1621 TC (6×6), Tata LPTA 5252 TC (12×12), Tata 207 and TATA Kestrel kimi müxtəlif təyinatlı avtomobilləri istehsal edir.

“Tata” şirkəti “Defence Research and Development Organisation” (DRDO), “Armament Research and Development Establishment” (ARDE) və “Kalyani Strategic Systems” (KSSL) şirkərləri ilə birgə 52 çap lülə uzunluqlu 155 mm-lik ATAGS (Advanced Towed Artillery Gun System) yedəyə alınan haubitsanı inkişaf etdirib.

Qeyd edək ki, Haubitsanın 155 mm-lik ATAGS haubitsasının ilk xarici müştərisi Ermənistandır. Belə ki, 2022-ci ilin noyabrında Hindistan mediasında Hindistanın Ermənistana 155 millimetrlik ATAGS haubitsalarını tədarük edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt hər iki tərəf bu xəbərləri nə təsdiq, nə də təkzib etmişdi. Sonradan imzalanmış 155.5 milyon ABŞ dolları dəyərindəki 90 ədədlik ATAGS haubitsa müqaviləsi əsasında haubitsaların 6 ədədi 2023-cü ildə Ermənistana çatdırılıb. Yerdə qalan 84 ədəd ATAGS haubitsasının 2026-cı ilə qədər Ermənistana çatdırılması nəzərdə tutulur və bu tədarükün vaxtından əvvəl yekunlaşdırılması planlaşdırılır.

Əhəd Vahidoğlu

CATEGORIES