Hindistanda BMP-2 PDM-i təkmilləşdirilib
Hindistanın “Armoured Vehicles Nigam” şirkəti tərəfindən iki variantda təkmilləşdirilmiş BMP-2 piyadanın döyüş maşını (PDM) 18-22 oktyabr tarixində keçirilən “Defexpo 2022” 12-ci beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Twitter”də “Vayu Aerospace Review” səhifəsi paylaşım edib.
Bildirilib ki, birinci variantda təkmilləşdirilmiş döyüş maşınının silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, 5-ci nəsil tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) və “PALM-1250” süzən (kamikadze) sursatı (“HERO-1250”-nin yerli versiyası – ümumi kütləsi 12 kq, döyüş başlığının kütləsi 4,5 kq) daxildir. Atəşin idarə olunması yerli “Avision Systems” şirkətinin istehsalı olan atəşi idarəetmə sisteminin vasitəsilə yerinə yetirilir.
Digər variantda təkmilləşdirilmiş BMP-2 piyadanın döyüş maşını isə İsrailin “Rafael” şirkətinin “Rafael Samson II” döyüş modulu ilə təchiz edilib. Silahlanmasına 30 mm çaplı Mk44 “Bushmaster 2” avtomatik topu və “Spike LR” TƏİRK daxildir.
Əhəd Əzizov