
Hindistanda istehsal olunan ilk C295 hərbi nəqliyyat təyyarəsi Vadodara şəhərində yerləşən yekun yığım xəttində ilk sınaq uçuşunu uğurla həyata keçirib.
“Poliqon”un xəbərinə görə, bu barədə “Airbus” şirkəti məlumat yayıb.
Bildirilib ki, ilk test uçuşu təyyarənin istehsaldan sonrakı sınaq prosesinin mühüm mərhələsini təşkil edir. Bu təyyarə “Made in India” brendi altında Hindistanda istehsal olunacaq 40 ədəd C295-dən birincisidir və sınaq uçuşunun uğurla başa çatması onun cari il ərzində ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilməsi istiqamətində vacib addım hesab olunur.
Qeyd olunub ki, Hindistan hökumətinin “Make in India” təşəbbüsü çərçivəsində həyata keçirilən C295 proqramı ölkədə özəl sektor tərəfindən hərbi təyyarə istehsalının ilk nümunəsidir. Layihə çərçivəsində “Airbus” və “Tata Advanced Systems Limited” şirkətləri ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən çoxsaylı kiçik və orta müəssisələr də təyyarə üçün komponentlərin istehsalında iştirak edir.




