
Hindistanın iddialı “Mission Sudarshan Chakra” ideyası – TƏHLİL
“Mission Sudarshan Chakra” yerli əhalini və infrastrukturu terror hücumlarından, hərbi zərbələrdən və digər əhəmiyyətli təhlükələrdən qorumaq üçün təkmilləşdirilmiş nəzarət, kibermüdafiə və fiziki müdafiəni birləşdirən, bir-biri ilə əlaqəli, çoxlaylı, hərtərəfli, süni intellektlə işləyən şəbəkə arxitekturasını inkişaf etdirmək üçün Hindistanın müdafiə təşəbbüsüdür.
“Poliqon”un məlumatına görə, müdafiə maneəsi ideyası İsrailin “Iron Dome” (“Dəmir Qübbə”) və ABŞ-ın “Golden Dome” (“Qızıl Qübbə”) sistemlərinə bənzəyir. Layihəyə rəhbərlik edən əsas qurum Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafları Təşkilatıdır (Defence Research and Development Organisation – DRDO).
Sistem həm qılınc, həm də qalxan kimi fəaliyyət göstərəcək. Proqramın məqsədi milli çoxdomenli hücum və müdafiə təhlükəsizlik çətirini yaratmaqdır. O, ballistik raketlər, hipersəs platformaları, döyüş təyyarələri, süzən sursatlar, sürü dronlar və s. kimi çoxvektorlu təhlükələrə sürətli, dəqiq və effektiv cavab vermək üçün nəzərdə tutulub.
İdeya haqqında ilkin məlumat
Hindistanın Baş naziri Narendra Modi 15 avqust 2025-ci il tarixində “Müstəqillik Günü”ndə çıxışı zamanı Qırmızı Qaladan (Lal Kila) “Mission Sudarshan Chakra” ideyasını təqdim edib. O bildirib ki, “Sudarshan Chakra” arxitekturası 2035-ci ilə qədər genişləndiriləcək və proqram Hindistan hərbi arsenalında mövcud müdafiə sisteminin gücləndirilməsini və təkmilləşdirilməsini əhatə edəcək. Bu ad Krişnanın ilahi silahı Sudarşan Çakrasından ilhamlanıb.
“Atmanirbhar Bharat” (bu, Hindistanın iqtisadi özünü təmin etməsini təşviq etmək və xarici mənbələrdən asılılığını azaltmaq məqsədi daşıyan və Hindistan hökuməti tərəfindən COVID-19 pandemiyası zamanı qəbul edilmiş çərçivə proqramıdır) siyasətinə uyğun olaraq, bütün sistem arxitekturasının tədqiqi və inkişafı, eləcə də komponentlərin istehsalı Hindistanda həyata keçiriləcək.
“Sudarshan Chakra” sistemi dəqiq əks-zərbələr endirmək və kibermüharibə imkanlarını ehtiva etmək qabiliyyətinə malik olacaq. Hindistan hərbi və özəl sektoru ilə əməkdaşlıqda “Mission Sudarshan Chakra” layihəsi müdafiə tədqiqat təşkilatları və mülki tədqiqat laboratoriyaları arasında əməkdaşlığa səbəb olacaq.
Layihənin yaranma səbəbləri və ilkin tərkibi
2020-21 Çin-Hind toqquşmalarından sonra Çin kiberhücumları, 2025-ci ildə Pahalgama hücum, 2025-ci il Hindistan-Pakistan münaqişəsi, Qızıl Məbədi (Harmandir Sahib, Hindistanın Amritsar şəhərində siqh dininin əsas məbədidir) hədəf alan pilotsuz təyyarə və raket hücumları, Pakistan Ordusunun Qərargah rəisi general Asim Munirin Hindistanın mülki infrastrukturuna qarşı nüvə təhdidi və Pakistanın Baş naziri Şahbaz Şərifin raket qüvvələri yaratması barədə bəyanatları Hindistanın milli təhlükəsizliyini təmin etmək üçün hərtərəfli müdafiə sisteminə ehtiyac olduğunu nümayiş etdirib.
Uzun sahil xətti və qonşularla düşmənçilik eyni vaxtda qorunma və nəzarət tələb edir. Hindistanın artan iqtisadiyyatı maliyyə qaynar nöqtələri, texnologiya mərkəzləri və sənaye dəhlizləri üçün təhlükələri artırır. Nəticədə “Mission Sudarshan Chakra” təhlükəsizlik təhdidlərinin qarışığı arasında ölkənin sağ qalması üçün həyati bir vasitə olacaq.
Müəyyən edilib ki, düşmən qüvvələri üçün yüksək prioritet hədəflər olan rabitə şəbəkələri, qida və su ehtiyatları, dəmir yolu platformaları, xəstəxanalar, dini obyektlər, müdafiə sistemləri və elektrik şəbəkələri kimi mühüm hərbi və mülki qurumların öz güclü hərbi və texnoloji müdafiə səviyyələrinə malik olması lazımdır. İnteqrasiya edilmiş Hava Komandanlığı və İdarəetmə Sistemi və özünün çoxpilləli hava hücumundan müdafiə (HHM) sistemləri, “Trigun” sistemi (toplanmış nümunələrdən və məlumatlardan istifadə edərək süni intellektlə işləyərək vahid əməliyyat mənzərəsi yaradan analitik sistem) və “Akashteer” şəbəkəsi (süni intellektlə dəstəklənən tam avtomatlaşdırılmış HHM idarəetmə və hesabat sistemi) “Sudarshan Chakra” arxitekturası ilə bir-birinə bağlanacaq.
2025-ci ilə olan vəziyyətə görə “Mission Sudarshan Chakra” layihəsinin əsas komponentləri artıq müəyyən edilib. Bundan başqa, quruda, havada, gəmilərdə, su altında və kosmosda yerləşdirilən çoxşaxəli kəşfiyyat, müşahidə, kəşfetmə sensorlarının inteqrasiyası tələb olunacaq. Layihəyə düşmən silahlarının aşkar edilməsi, tutulması və zərərsizləşdirilməsi üçün infrastruktur və prosedurların yaradılması daxildir. Aydın bir şəkil əldə etmək və real vaxt rejimində cavab vermək üçün süni intellekt, geniş miqyaslı dil modelləri və kvant hesablamalarından istifadə edərək böyük həcmdə nəhəng verilənlərin təhlili tələb olunacaq. Müharibənin dəyişən xarakteri isə bütün sistem arxitekturasının dizaynını formalaşdıracaq.
“Mission Sudarshan Chakra” layihəsinin tapşırıqları
Planlara əsasən, “Sudarshan Chakra” Hindistanın bütün həyati əhəmiyyətli obyektlərini qoruyacaq və daim dəyişən çoxölçülü təhlükələrdən tam qorunma təmin edəcək. Təhlükə aşkarlama və tuşlama sistemi ilə düşmənin təcavüzünü dayandıra və güclü əks-hücumlar həyata keçirə biləcək. O, quruda, havada və dənizdə təhdidləri tez bir zamanda aradan qaldırmağa kömək edəcək və Hindistanın hərbi aktivlərinin təhlükəsiz qaytarılmasını təmin edəcək. O, həmçinin strateji aktivlərin təxribatını, hibrid təhdidləri və kiber müharibəni araşdıracaq. “Mission Sudarshan Chakra” layihəsi ümumilikdə yeni nəsil inteqrasiya olunmuş müşahidə və zərbə platformasını inkişaf etdirmək səyidir.
“Sudarshan Chakra” sistemi IACCS (Integrated Air Command and Control System) şəbəkəsi vasitəsilə İnteqrasiya edilmiş Raket Qüvvələri (Integrated Rocket Force – İRF) ilə qarşılıqlı əlaqə quracaq. Əsas məqsəd Hindistanın HHM şəbəkəsini və zərbə raket qüvvələrini maneəsiz şəkildə inteqrasiya edərək, ləngimə olmadan vahid əməliyyat bölməsi kimi fəaliyyət göstərməkdir.
“Sudarshan Chakra” sistemi əks-hücum üçün ballistik və hipersəs raketləri kimi uzun mənzilli yüksək dəqiqlikli silahlardan, həmçinin mikrodalğalı və istiqamətləndirilmiş enerji silahları kimi alternativ yumşaq və sərt öldürücü silahlardan istifadə edəcək.
IRF-nin hücum zərbələri imkanları və IACCS-in müdafiə nəzarəti real vaxt rejimində çoxsaylı dəqiq cavab hücumları həyata keçirmək, çox səviyyəli HHM-ni təşkil etmək və təhdidləri qabaqlayıcı aşkarlamaq üçün fəaliyyət göstərəcək.
Pilotsuz uçuş aparatları (PUA), lazerlər, süni intellekt və digər müasir hərbi texnologiyalar “Sudarshan Chakra” arxitekturasının tərkib hissəsi olacaq. Süni intellekt gələcək münaqişələrin ehtimalını qiymətləndirmək üçün müxtəlif imkanları və hərbi manevrləri dəyişdirərək və birləşdirərək əks-tədbir strategiyaları hazırlayacaq. Ada əraziləri də daxil olmaqla bütün Hindistan, beynəlxalq sərhəddən ən azı 2500 kilometr məsafəni əhatə edəcək sensor təbəqə ilə izlənəcək.
Süni intellektin əsas rol oynaması ilə sistem real vaxt rejimində daxil olan raketləri, PUA-ları, artilleriya mərmilərini, sürü və ya süzən sursatları müəyyən edə, izləyə və məhv edə bilən radarlar, idarəetmə və nəzarət mərkəzləri, tutucu raketlər və qısa və uzun mənzilli pilotsuz uçuş sistemlərindən ibarət ümummilli şəbəkəyə sahib olacaq. Sistem 500 km-ə qədər məsafədə PUA-ları, orta və qısa mənzilli raketləri aşkar edib məhv edəcək. Qısa mənzilli hava təhdidlərinə qarşı durmaq üçün sürətli cavab verən müdafiə elementi nəzərdə tutulacaq. Cavab verməyi asanlaşdırmaq üçün sistem dron və ya raket buraxılışlarının mənbəyini izləyəcək. “Sudarshan Chakra” sisteminin köməyi ilə Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri HHM imkanlarını birləşdirəcək. Buraya kosmik izləmə, avtomatlaşdırılmış komanda və idarəetmə, quru və dəniz bazalanmalı silah batareyaları, izləmə və erkən xəbərdarlıq sensorlarının üst-üstə düşən şəbəkəsi daxildir. “Mission Sudarshan Chakra” sistemi “Kuşa layihəsi”nin (Project Kusha və ya Extended Range Air Defence System – ERADS) davam edən inkişafı ilə bağlıdır. Bu, həmçinin Hindistanın raketdən müdafiə proqramının operativ hazırlığını simvollaşdırır.
“Sudarshan Chakra” süni intellektə əsaslanan proqnozlaşdırıcı monitorinq və inteqrasiya olunmuş təhdid cavab şəbəkəsindən istifadə edərək təhlükəsizlik qüvvələri, kəşfiyyat xidmətləri və tədqiqat institutları arasında real vaxt rejimində koordinasiyanı asanlaşdıracaq. Bu, milli hava məkanına nəzarət imkanlarının modernləşdirilməsini əhatə edə bilər. Hipersəs tutuculardan istifadə etməklə, ilkin mərhələdə tutma məsafəsi 2500 kilometrə qədər və hündürlükdə əhatə dairəsi 150 kilometrə qədər olacaq.
“Mission Sudarshan Chakra” sisteminin alt sistemləri
“Raksha Kavach”
2025-ci ilin yanvarında DRDO bir çox domenlərdən gələn təhlükələrə qarşı durmaq üçün çox qatlı müdafiə sistemi olan “Raksha Kavach” sistemini təqdim edib. Onun tərkibinə aşağıdakı elementlər daxildir:
- VSHORAD (Very Short Range Air Defence System) – çox qısa mənzilli dördüncü nəsil daşınan zenitraket kompleksidir (DZRK),
- “Dharashakti” radioelektron mübarizə sistemi,
- “Arudhra” orta güclü radiolokasiya stansiyası (RLS),
- qabaqcıl yüngül torpedo (Advanced Light-Weight Torpedo – ALWT),
- QRSAM (Quick Reaction Surface-to-Air Missile) sürətli reaksiyalı “yer-hava” raket əleyhinə müdafiə sistemi – “Anant Shastra” zenit-raket kompleksi,
- DRDO Airborne Early Warning and Control System (AEW&CS) havadan erkən xəbərdarlıq və nəzarət sistemi
- ATAGS (Advanced Towed Artillery Gun System) təkmilləşdirilmiş yedəyə alınan artilleriya sistemi,
- PUA aşkarlanması üçün çoxsaylı sensorlardan gələn məlumatların birləşməsindən istifadə edən və ikili əks-tədbir üsulları ilə təchiz edilmiş D-4 sistemi,
- kosmik müşahidə sistemləri,
- pilotsuz uçuş aparatları (PUA),
- proqram təminatlı VHF/UHF portativ radiostansiya,
- peyk telefonu,
- 7,62×51 mm-lik Ugram hücum tüfəngi.
Kosmik müşahidə sistemi birinci səviyyədə real vaxt rejimində mümkün təhlükələri müəyyən edəcək. Komanda və idarəetmə mərkəzi daha sonra ikinci səviyyəli müşahidə üçün DRDO AEW&CS sistemini xəbərdar edəcək məlumatlar alacaq. Üçüncü səviyyədəki yerüstü RLS, daxil olan təhlükə üçün ərazini skan etmək və siqnalları yenidən komanda mərkəzinə ötürmək üçün birləşmiş kəşfiyyatdan istifadə edəcək. Nəzarət zonasına daxil olan təhlükələri aradan qaldıraraq, idarəetmə mərkəzi qorunan ərazi yaradır. Təhdidlərin qarşısını almaq üçün o, avtomatik olaraq raket buraxma qurğularını istiqamətləndirəcək. Mühafizə zonasına üç mühafizə səviyyəsi də daxildir. Hava təhdidlərini məhv etmək üçün “yer-hava” tipli raketlərdən istifadə olunacaq. Radioelektron mübarizə əsaslı yumşaq öldürmə üsulu düşmən hədəflərini susdurmaqq və məhv etmək üçün istifadə olunacaq.
İnteqrasiya edilmiş Hava Hücumundan Müdafiə Silah Sistemi (Integrated Air Defence Weapon System – IADWS)
23 avqust 2025-ci il tarixində DRDO IADWS sisteminin ilk uçuş sınaqlarını İST (Indian Standard Time) üzrə saat 12:30-da İnteqrasiya edilmiş Sınaq Poliqonundan (Integrated Test Range – ITR) həyata keçirib. IADWS sisteminə QRSAM, Advanced VSHORAD və 5 kVt lazer əsaslı DEW daxildir. İki yüksək sürətli sabit qanadlı PUA və bir multikopter PUA müxtəlif məsafələrdə və yüksəkliklərdə eyni vaxtda cəlb olunaraq məhv edilib. IADWS sistemini idarə edən Mərkəzləşdirilmiş Komanda və İdarəetmə Sistemi proqramın baş laboratoriyası olan Müdafiə Tədqiqatları və İnkişaf Laboratoriyası tərəfindən hazırlanıb. Eyni zamanda, VSHORADS və DEW müvafiq olaraq İmarat Araşdırma Mərkəzi və Yüksək Enerji Sistemləri Elmi Mərkəzi tərəfindən hazırlanıb. ITR cihazlarından əldə edilən məlumatlar bütün sistem komponentlərinin – RLS, komanda və idarəetmə, rabitə sistemlərinin, PUA-ların identifikasiyası və məhvetmə sisteminin, həmçinin raketlərin ərazinin çox pilləli müdafiəsi üçün vahid şəkildə fəaliyyət göstərdiyini təsdiqləmişdir.
Mərkəzləşdirilmiş Komanda və İdarəetmə Mərkəzi (C2C2) real vaxt məlumatlılığı yaratmaq üçün RLS və elektro-optik sensor axınlarını birləşdirir. C2C2 hər bir ənənəvi və asimmetrik təhlükəni uçuş marşrutu, radiolokasiya yayma səthi, hündürlük və sürət kimi amillərə əsaslanaraq müvafiq tutucu, kinetik tutucular və ya DEW sistemlərinə təyin edir. QRSAM, VSHORAD və DEW ən uzaq təbəqədən başlayaraq ən yaxın təbəqəyə qədər sistemin müxtəlif səviyyələrini təşkil edir. Ön aviabazaları, RLS və raket meydançaları, nüvə obyektləri, kosmik qurğular, elektrik stansiyaları və sənaye mərkəzləri IADWS tərəfindən qorunacaq. Sistem PUA-dan, hipersəs və nüvə təhlükələrindən müdafiə etmək üçün miqyaslana və uyğunlaşdırıla bilir. IADWS həmçinin hava nəzarəti, döyüş idarəetməsi və silahlara nəzarət, eləcə də yüksək dəqiqlik döyüş sursatlarının, qanadlı raketlərin, PUA-ların, eləcə də qırıcı təyyarələrin tutulması üçün təyin edilib. O, “Akashteer” və IACCS sistemləri ilə birləşdiriləcək.
Yük maşınına quraşdırılmış AK-630 avtomatik artilleriya qurğusu
Xarici mətbuatda yayılmış 4 oktyabr 2025-ci il tarixli məlumatlara görə, “Advanced Weapons and Equipment India” şirkəti Ordu HHM Korpusundan təklif sorğusu alıb. Tenderin məqsədi “Mission Sudarshan Chakra” sistemi üçün altı mobil, yüksək sürətli atəşə malik 30 mm-lik AK-630 yaxın döyüş sistemi (30 mm kalibrli və altı lüləli fırlanan AO-18 topu olan Sovet/Rusiya istehsalı hərbi dəniz avtomatik artilleriya qurğusu) əldə etməkdir. Hindistan-Pakistan sərhədi və Nəzarət Xətti boyunca yerləşdirilməsi üçün nəzərdə tutulan silahlar URAM (UAV, rockets, artillery, and mortars) domenlərinə – PUA, raketlər, artilleriya və minaatanlara qarşı istifadə olunacaq. C-RAM (Counter rocket, artillery, and mortar) sisteminə bənzər sistem 2025-ci ilin may ayında ordudaxili sınaqdan keçib. Silah dəqiqədə 3000 atış aça bilir və 4 km məsafəyə malikdir. Hədəfləri aşkar etmək və vurmaq üçün bütün hava şəraitində elektro-optik atəşi idarəetmə sistemindən istifadə olunur.
Radiolokasiya stansiyaları və peyklər
“Mission Sudarshan Chakra” sistemi, üfüqdən kənarda düşmən hədəfləri müəyyən etmək üçün 60007000-dən çox RLS daxil olmaqla kosmik vasitələri və istiqamətləndirilmiş enerji silahlarını birləşdirəcək. Kosmik vasitələr, o cümlədən Kosmik müşahidə (Space Based Surveillance – SBS) layihəsindən olan peyklər, düşmən təyyarələrini, PUA-larını və ya raketlərini izləmək, skan etmək və tutmaq üçün silah sistemlərini işə salmaqdan ötrü RLS və HHM sistemləri ilə əlaqələndiriləcək. İnteqrasiya edilmiş şəbəkə həm yeni hazırlanmış, həm də mövcud müdafiə sistemləri və müşahidə platformaları tərəfindən dəstəklənəcək. Bir sıra RLS-lər, o cümlədən üfüqdən kənar RLS-lər alınacaq və inteqrasiya olunacaq. Çoxlaylı qalxanın inkişafı həm strateji, həm də taktiki səviyyədə havadan gələn təhlükələrə cavab verəcək.
Planlaşdırma və yerləşdirmə
“Mission Sudarshan Chakra” layihəsi 2030 və 2035-ci illər arasında iki mərhələdə həyata keçiriləcək.
Müdafiə naziri Rajnath Singh 16 sentyabr 2025-ci il tarixində Kəlkütədə keçirilən Komandanların Birgə Konfransında (Combined Commanders’ Conference) elan etmişdir ki, layihəni nəzərdən keçirəcək komitə yaradıldığını, 2030-cu ilə qədər orta müddətli plan və 2035-ci ilə qədər uzunmüddətli plan ilə işləyə bilən fəaliyyət planı yaradacağını söyləmişdir.
Komitə yaradılmazdan əvvəl müdafiə naziri artıq Sudarşan Çakra missiyası ilə bağlı təqdimat almışdı. Hökumət rəsmiləri “Mission Sudarshan Chakra” layihəsinin nüvə enerjisi reaktorlarını və Hindistan Kosmik Tədqiqatlar Təşkilatını qoruyacağını bildiriblər. Ən vacib sahələrə mərhələli yanaşma ilə üstünlük veriləcək.
Aviasiya Baş Marşal Amar Preet Sinqhə görə, “Mission Sudarshan Chakra”, “Kusha” Layihəsi kimi inkişaf mərhələsində olan yeni nəsil yerli silahları S-400 kimi artıq silahlanmada olan hərbi vasitələrlə mükəmməl birləşdirəcək dinamik, inteqrasiya olunmuş ekosistem olacaq. Əməliyyat hazırlığını artırmaq üçün Hindistan HHQ Birinci fazanı (Faza-1) 2028-2029-cu illərdə tam şəkildə yerləşdirmək niyyətindədir.
“Mission Sudarshan Chakra” layihəsində beynəlxalq əməkdaşlıq
20 avqust 2025-ci il tarixində media brifinqində Rusiyanın Hindistandakı müvəqqəti işlər vəkili Roman Babuşkin Rusiyanın “Mission Sudarshan Chakra” layihəsini dəstəkləməyə hazır olduğunu söyləyib.
“Mission Sudarshan Chakra” layihəsinin qiymətləndirilməsi
Hindistanın böyük yaşayış mərkəzlərində tam şəkildə həyata keçirilməsi üçün “Mission Sudarshan Chakra” layihəsinə ilkin xərclər üçün təqribən 15-20 milyard ABŞ dolları və hər il təxminən 3 milyard ABŞ dolları cari xərclərə ehtiyacı olacaq. Hindistan Silahlı Qüvvələrinin hazırkı HHM sistemindən fərqli olaraq, milli qalxanın daha geniş əhatə dairəsinə ehtiyacı var. İstefada olan Hindistan hərbçilərinin fikrincə, “Mission Sudarshan Chakra” layihəsinin həyata keçirilməsi ilə bağlı əhəmiyyətli büdcə yükünü nəzərə alaraq, strateji çəkindirmə və adi qüvvələrin məqsədyönlü inkişafı potensial alternativlərdir.
Nəticə
Ümumilikdə, “Mission Sudarshan Chakra” sistemi erkən xəbərdarlıq və izləmə sensorları, etibarlı komanda və idarəetmə məntəqələri, müasir quru və dəniz bazalanmalı tutucu raketlərin və digər silahların batareyalarının üst-üstə düşən şəbəkəsi ilə çoxlaylı inteqrasiya olunmuş hava hücumundan və raket əleyhinə müdafiə sisteminin yaradılmasını əhatə edəcək. Kompleks müdafiə sisteminə erkən xəbərdarlıq və təhlükələrin monitorinqi üçün kosmik sensorlar da daxil olacaq.
Amma etiraf etmək lazımdır ki, Hindistan uzun müddətdir ki, hərbi məsələlərdə tərəqqi demək olmaz, amma davamlı inkişaf nümayiş etdirir. Bəli, onların, yumşaq desək, özlərinə məxsus olanları azdır və sahib olduqlarını heç də yaxşı hesab etmək olmaz. Bu həm “Arjun” tanklarına, həm də “Tejas” təyyarələrinə aiddir. Sovet Layihəsi 61-ME böyük sualtı qayıq əleyhinə gəmilərə əsaslanan “Dehli” sinifli esmineslər də HHM sistemlərində əhəmiyyətli çatışmazlıqlara malikdirlər. Ancaq hindlilər Su-30 təyyarəsi və ya PJ-10 “BrahMos” səsdən iti gəmi əleyhinə raketlər olmaqla başqalarının layihələndirdiklərinin öz versiyalarını yaratmağı öyrəniblər.
Beləliklə, Hindistanın ümummilli HHM şəbəkəsini inkişaf etdirməsi və yerləşdirməsi təəccüblü olmayacaq. Və ya heç olmasa buna cəhd ediləcək.
Çox iddialı görünsə də, “Mission Sudarshan Chakra” layihəsinin on il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar çox qeyri-real görünür. Yekunda iki haldan biri baş verəcək: ya tezliklə biz hansısa “hind möcüzəsi”nin şahidi olacağıq, ya da bütün Hindistan böyük bir məyusluq içində olacaq…
Əhəd Vahidoğlu