“Hisar-O+” ZRK-yə aktiv radiolokasiya özütuşlanan başlıqlı raket inteqrasiya edilib

“Hisar-O+” ZRK-yə aktiv radiolokasiya özütuşlanan başlıqlı raket inteqrasiya edilib

Türkiyənin “Hisar-O+” orta mənzilli zenit-raket kompleksinə (ZRK) inteqrasiya olunan RF aktiv radiolokasiya özütuşlanan başlıqlı raketın atış sınaqları keçirilib.

“Poliqon”un məlumatına görə, Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında “Hisar-O+” ZRK-nin ilk RF aktiv radiolokasiya özütuşlanan başlıqlı test raketi atışında hədəfi tam dəqiqliklə vurduğunu bildirib. Onun sözlərinə görə, bununla Türkiyənin hava hücumundan müdafiəsinə yeni qabiliyyət qazandırılıb.

İsmail Dəmir qeyd edib ki, “Hisar-RF” raketinin seriyalı istehsalı davam etdirilirkən yeni qabiliyyətləri üzərində işlər də tam sürətlə davam edəcək.

“Hisar-RF” raket özündə üfiqarxası “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlanan başlıq ilə təchiz edilmiş “Hisar-O” raketinin gövdəsi bir qədər uzadılmış variantını tərənnüm edir. O, radiotezlikli axtarıcı sayəsində “Hisar-O” zenit idarəolunan raketdən (ZİR) daha böyük bir məhvetmə məsafəsinə sahib olacaq, “Hisar-O” və “Hisar-U” variantları arasındakı boşluğu dolduracaq.

Radiolokasiyalı özütuşlanan başlıqdan istifadə edən “Hisar-RF” raketinin, soyudulan infraqırmızı özütuşlanan başlıqdan (IIR) istifadə edən və atmosfer şəraitindən qaynaqlanan qızma problemi səbəbiylə bəzi məhdudiyyətlərə malik “Hisar-O” raketinə nisbətən daha yüksək atış məsafəsinə sahib olacağı – HAWK raketinə bərabər olacağı təxmin edilir. Ancaq texnologiya baxımından “Hisar-RF” ZİR, HAWK raketindən qat-qat yüksək mövqedə yerləşir. “Hisar-RF” raketinin radiolokasiya özütuşlanan başlığı, “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlanan başlığının istehsalından əldə etdiyi təcrübə əsasında “Aselsan” şirkəti tərəfindən hazırlanıb. “Hisar-RF” ZİR, aralıq faza tuşlaması zamanı məlumat ötürmə kanalından və son mərhələdə aktiv radar radiolokasiya özütuşlanan başlıqdan istifadə edəcək. “Hisar-RF” raketi 35-40 kilometrdən çox atəş məsafəsinə malikdir.

Qeyd edək ki, “Hisar” zenit raket kompleksi, 2007-ci ildən etibarən “Aselsan” və “Roketsan” şirkətləri tərəfindən yaradılmış və istehsal olunan yaxın, orta və uzun mənzilli “yer-hava” sinif zenit raket sistemləri ailəsidir. ZRK ailəsinə üç fərqli sistem: yaxın mənzilli “Hisar-A” ZRK, orta mənzilli “Hisar-O” ZRK və sonradan “Siper” adlandırılmış uzun mənzilli “Hisar-U” HHM sistemi daxildir. 2019-cu il tarixində “Hisar-A” kompleksinin son inkişaf sınaqları tamamlanıb və seriyalı istehsal üçün Milli Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. Raketlərin xüsusiyyətləri haqqında hərbi mütəxəssislərin rəyi aldıqdan sonra, 2020-ci ildə “Hisar-A” və “Hisar-O” sistemlərinin təkmilləşdirilmiş versiyaları olan “Hisar-A+” və “Hisar-O+” hazırlanıb. 6 yanvar 2020-ci il tarixindən təkmilləşdirilmiş “Hisar-A+” sisteminin seriyalı istehsalına başlanıb. “Hisar-A+” sistemi ötən il, “Hisar-O+” sistemi isə bu ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin arsenalına qəbul edilib. Artıq “Hisar-A+” ZRK və “Hisar-O+” ZRK Türkiyə Silahlı Qüvvələrində döyüş növbətçiliyi aparır.

Raketləri idarəetmə sistemi infraqırmızı özütuşlanan başlığa əsaslanır. Komplekslər təyyarələri, helikopterləri, “hava-yer” tipli raketləri və pilotsuz uçuş aparatlarını məhv edə bilir.

“Hisar-A”/”Hisar-A+” ZRK, “Roketsan” şirkəti tərəfindən təmin edilən dörd ədəd şaquli buraxılan “Hisar-A” raketləri ilə silahlanmış FNSS ACV-30 tırtıllı maşınının bazasına əsaslanır. “Hisar-A” tırtıllı ZRK, özünəməxsus “Kalkan” HHM radiolokatoru və ayrı atəşi idarəetmə sistemi olan bir batareya kimi işləməyə ehtiyac duymadan müstəqil avtonom sistem olaraq işləməsinə imkan verən elektro-optik/infraqırmızı (EO/İR) sistemlə təchiz edilib. Kompleksin minimal atəş məsafəsi 2 km, maksimal mənzili isə 15+ km təşkil edir. Hədəflərin məhv edilməsi hündürlükləri 15 metrlə 8+ km arasındadır.

“Hisar-O”/”Hisar-O+” ZRK, “Mercedes-Benz Zetros” avtomobilinin şassisində yerləşdirilib. “Hisar-O+” ZRK “Hisar-O” kompleksinin təkmilləşdirilmiş versiyasıdır. “Hisar-O+”, məsafə və RLS əhatə dairəsi baxımından “Hisar-O” ZRK-dən bir addım irəlidədir. Kompleksin minimal atəş məsafəsi 3 km, maksimal atəş məsafəsi isə 25+ km təşkil edir. Hədəflərin məhv edildiyi minimal hündürlük 50 metr, maksimal hündürlü 15 km-dir. Qırıcı təyyarəni aşkaretmə və müşayiətetmə məsafəsi 40-60 km-ə bərabərdir. Eyni anda 60-a qədər hədəfi müşayiət edə bilir. Buraxılışa hazır raketlərin miqdarı: batareyada ≥ 18 ədəd, divizionda ≥ 54 ədəddir. Raketin döyüş başlığı yüksək effektivlikli qəlpəli təsirə malikdir. İkipilləli bərk yanacaqlı raket mühərriki ilə təchiz edilib. Raket aralıq faza tuşlaması zamanı inersial naviqasiya və məlumat ötürmə kanalından, son mərhələdə isə aktiv radar radiolokasiyalı özütuşlanan başlıqdan istifadə edir.

“Hisar-U” və ya “Siper” ZRK “Aselsan”, “Roketsan” və “TÜBİTAK SaGe” şirkətləri tərəfindən başladılan və inkişaf etdirilən yüksək hündürlük və uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Gəmi və yerüstü bazalanmalı olmaqla istifadə edilməsi planlaşdırılan raketin 100 km-dən çox uçuş məsafəsinə, ikipilləli bərk yanacaqlı mühərrikə, aktiv radiolokasiya özütuşlanan başlığa (RF) və infraqırmızı ötütuşlanan başlığa (IIR) malik olacağı gözlənilir. Sistem, Türkiyə Donanmasının ən böyük döyüş gəmi layihəsi olan TF-2000 HHM esminesində də istifadə ediləcək. Quru Qoşunları üçün nəzərdə tutulmuş kompleks “MAN Türkiye 8×8” yük avtomobilinin şassisində yerləşdirilib. Minimum 30 km, maksimum isə 150+ km məsafələrdə uçan hava hədəflərini məhv etmək imkanına malikdir. Kompleks düşmənin minimum 50 m və maksimum 20 km hündürlükdə uçan hava hədəflərini məhv edə bilir. İstehsalçı “Hisar-U”/”Siper” ZRK-nin ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400” ZRS-lərlə rəqabət aparmasını hədəfləyir. “Hisar-U” ZRK-nin ilk prototipinin sınaqlarına yaxın gələcəkdə başlaması planlaşdırılır. Türkiyə “Hisar-U” ZRK ilə uzun mənzilli HHM sistemini istehsal edən bir neçə ölkə arasında yer tutacaq.

Ümumilikdə, Türkiyə Silahlı Qüvvələri, “Hisar-A+”, “Hisar-O+” və “Hisar-RF” kompleksləri sayəsində pilləli HHM şəbəkəsinin həm ikinci (yaxın mənzilli), həm də üçüncü (orta mənzilli) səviyyələrini qura biləcək. Qurulacaq “Siper” layihəsi isə dördüncü səviyyə (uzun mənzilli) ilə üçüncü səviyyə arasındakı boşluğu doldurmağa imkan verəcək.

Poliqon.az

CATEGORIES
TAGS