Hərbi Akademiyada topoqrafik xəritələrlə bağlı hərbi-elmi konfrans keçirilib
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr” mövzusunda hərbi-elmi konfrans keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən keçirilən konfransda topoqrafik xəritələrin müasir standartları və onların əhəmiyyəti, rəqəmsal topoqrafik xəritələrin hazırlanması və istifadəsi, xəritələrin riyazi əsaslarının yaradılmasında müasir texnoloji vasitələrin və kompüter kartoqrafiya proqramlarının tətbiqi və Silahlı Qüvvələrdə istifadə olunan topoqrafik xəritə sisteminin dünya geodeziya sisteminin standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər əsas müzakirə mövzuları olub.
Konfransda hərbi-topoqrafiya xidmətinin və Müdafiə Nazirliyinin idarələrinin zabitləri, Silahlı Qüvvələrin birlik və birləşmələrinin topoqrafiya xidməti rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri iştirak ediblər.