
IAI və “AEVEX Aerospace” şirkətləri yeni “OmniRaider” PUA-nı təqdim edirlər
“BlueBird Aero Systems” (“Israel Aerospace Industries”in (IAI) tərkibinə daxildir) və “AEVEX Aerospace” şirkətləri AUSA-2025 sərgisində vertikal qalxma və enmə (VTOL) qabiliyyətinə malik “ThunderB-Next Generation” (NG) pilotsuz uçuş aparatının (PUA) ABŞ versiyası olan “OmniRaider”i təqdim edirlər.
IAI-dən “Poliqon”a verilən məlumata görə, “OmniRaider” VTOL tam şəkildə ABŞ-ın PUA sahəsində ixtisaslaşmış “AEVEX Aerospace” şirkəti tərəfindən istehsal ediləcək və istifadəyə veriləcək.
“OmniRaider” VTOL PUA maksimum 110 funt (təxminən 50 kq) qalxış ağırlığına malikdir və bir platformadan eyni vaxtda çoxsaylı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün 20 funtdan (təxminən 9 kq) artıq müxtəlif faydlı yük konfiqurasiyanı dəstəkləyir. “OmniRaider”in əsas gücü onun müxtəlif növ faydalı yükləri daşımaq üçün tapşırığa hazır çevikliyidir.
Ənənəvi “ThunderB-VTOL” platforması bir neçə fərqli tapşırığı icra etmək üçün 11 müxtəlif faydalı yüklə inteqrasiya edilmişdi. Bunlara hava kəşfiyyatı (EO/IR) ilə siqnal kəşfiyyatının (SIGINT) birləşdirilməsi, paralel olaraq xəritələmə və kəşfiyyat əməliyyatlarının aparılması, həmçinin kəşfiyyat məlumatlarının zərbə imkanları ilə inteqrasiyası daxildir. Sistemin ağıllı inteqrasiya arxitekturası operatorlara hər bir uçuşdan maksimum əməliyyat nəticəsi almağa imkan verir ki, bu da döyüş şəraitində tapşırıqların daha effektiv və çevik icrasına şərait yaradır.
“OmniRaider” istifadəçiyə 12-14 saat uçuş müddəti və 100 mil (təxminən 160 km) əməliyyat radiusu təmin edir. Bu isə briqada səviyyəli missiyalar üçün davamlı RSTA (Kəşfiyyat, Müşahidə və Hədəf Aşkarlama) dəstəyi göstərməyə, mübahisəli mühitlərdə sağ qalma qabiliyyətini artırmağa, GPS siqnalının itirildiyi və elektromaqnit müdaxilələrin sıx olduğu hava məkanlarında əməliyyat aparmağa imkan verir.
““OmniRaider” VTOL, çoxyüklü uzunmüddətli uçuş qabiliyyətini VTOL çevikliyi ilə bir platformada birləşdirərək taktiki PUA sistemlərinə yeni bir əməliyyat çevikliyi səviyyəsi gətirir. Bu PUA “AEVEX Aerospace” ilə sıx tərəfdaşlıq çərçivəsində hazırlanıb. Bizim strategiyamızın bir hissəsi kimi sistem ABŞ-da istehsal olunur. Bu, inkişaf edən müttəfiq qüvvələrin tələblərinə cavab verməklə yanaşı, yerli iqtisadi artıma və ABŞ müdafiə sənayesini dəstəkləyən yeni iş yerlərinin yaradılmasına töhfə verir”, – deyə IAI-nin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.
Öz növbəsində “AEVEX” şirkətinin inkişaf üzrə baş direktoru Bob Horki, “OmniRaider”i ABŞ Ordusuna təqdim etməkdən qürur duyduqlarını qeyd edib.
Onun sözlərinə görə, sözügedən platforma bu günün əməliyyat mühitində həyati əhəmiyyət daşıyan uçuş davamlılığı, faydalı yük çevikliyi və sağ qalma qabiliyyəti arasında unikal balans yaradır:““OmniRaider” VTOL-un ABŞ-da istehsalı Tampa şəhərindəki müəssisəmizdə iş yerlərini dəstəkləyəcək və biz Ordunun briqada bölmələri üçün 3-cü qrup (DOW) VTOL platformalarının bu ən son inkişaf mərhələsini istifadəyə verməyi səbirsizliklə gözləyirik”.