IDEF-2023: ASELSAN yeni “Gökdemir” buraxılış sistemini nümayiş etdirəcək
ASELSAN şirkəti 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2023) bir çox yeni məhsulunu nümayiş etdirəcək.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ASELSAN-ın sərgidə təqdim edəcəyi yeni məhsullardan biri “Gökdemir” buraxılış sistemidir.
Sözügedən sistem ASELSAN-ın hava hücumundan müdafiə (HHM) sahəsində sahib olduğu nou-haunu və qabaqcıl texnologiyaları özündə birləşdirir. “Gökdemir” buraxılış sistemində milli olaraq inkişaf etdirilən “hava-hava” tipli raketlərin “hava-yer” versiyalarının istifadə olunması hədəflənib. Bu baxımdan “Gökdemir”də TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan və HHM ehtiyaclarına uyğun olaraq yenilənən “Gökdoğan” raketindən istifadə edilib. Beləliklə, mövcud təhdidlərə qarşı effektiv hava hücumundan müdafiə sistemi ərsəyə gətirilib.
Bu sistem döyüş təyyarəsi, pilotsuz uçuş aparatı (PUA), helikopter, “hava-yer” və qanadlı raket kimi təhdidlərə qarşı hava və raketdən müdafiə missiyalarını yerinə yetirəcək. “Gökdemir” buraxılış sistemi Atəşi İdarəetmə Cihazının (HİSAR A+) və ya HİSAR Atəş İdarəetmə Mərkəzinin (HİSAR O+) rəhbərliyi altında hədəflərin məhv edilməsini həyata keçirəcək.
2022-ci ilin iyun ayında ASELSAN-ın Atəşi İdarəetmə Cihazı ilə “Gökdemir” buraxılış sisteminin ilk atış sınağı uğurla yerinə yetirilib.
Atış üçün hazır vəziyyətə gətirilmə müddəti olduqca qısa olan “Gökdemir” istifadəçiyə aşağıdakı üstünlükləri verir:
- Fırlanan qüllə quruluşu ilə 360 dərəcə hədəf məhv etmə qabiliyyəti;
- Çoxsaylı nişan və ardıcıl atəş;
- Raket yükləmə platforması və kran sistemi;
- Simli/simsiz rabitə və s.