IDEX-2023: Ukrayna sərgidə NOTA REM kompleksini nümayiş etdirəcək
Cari ilin 20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçiriləcək IDEX-2023 sərgisində Ukraynanın “Tritel” şirkətinin istehsalı olan NOTA radioelektron mübarizə (REM) kompleksi də nümayiş etdiriləcək.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Sənayesi Milli Assosiasiyasının (NAUDİ) mətbuat xidməti məlumat yayıb.
NAUDİ-dən bildirilib ki, kompleks pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə vasitəsi kimi özünü yaxşı sübut edib. Həmçinin, kompleks düşmən kəşfiyyatının digər texniki vasitələrinə qarşı da özünü yaxşı tərəfdən göstərib.
Məlumatda qeyd edilib ki, NOTA REM kompleksi uzun illərdir ki, Ukrayna Ordusu tərəfindən fəal şəkildə istifadə olunur. Bu komplekslər döyüş sursatı anbarlarını və digər mühüm obyektləri düşmənin PUA-larından qoruyur.
Kompleks üç variantda istehsal edilir: stasionar, mobil və daşınan. Üç konfiqurasiyada hazırlanma onun kritik infrastruktur obyektlərinin qorunmasından və lazımi yerlərdə operativ müvəqqəti açılmasından tutmuş, hərəkət və dayanacaq zamanı istifadə üçün avtomobil bazasında quraşdırma imkanlarına qədər funksional qabiliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir.
NOTA REM kompleksi ilk dəfə “Silah və Təhlükəsizlik – 2018” (“Зброя та безпека – 2018”) sərgisi çərçivəsində ictimaiyyət qarşısında nümayiş etdirilib.
2019-cu ildə kompleks “Kozak-2” zirehli avtomobilində quraşdırılmış vəziyyətdə mobil platformada təqdim edilib.
2020-ci ildə isə sistemin tərkibinə yeni komponent olaraq “Arsenal” (Kiyev) şirkətinin rəqəmsal şəbəkəli antenası olan çoxfunksiyalı radiolokasiya stansiyası daxil edilib.
2021-ci ildə bildirilib ki, kompleks 20 km-ə qədər məsafədə düşmənin PUA-larını aşkar edə və ən azı 15 km məsafədə onları zərərsizləşdirə bilir. Mobil rabitə vasitələri isə 1000 metrə qədər məsafədə zərərsizləşdirilə bilir. Tam komplekt NOTA REM avadanlığının çəkisi 250 kq-dır və ona iki nəfərdən ibarət heyət tərəfindən xidmət göstərilir.
NOTA REM kompleksinə radiotexniki (passiv pelenqatorlar), radiolokasiya, səsölçmə, optoelektron kimi müxtəlif vasitələr daxildir. Bütün bu mənbələr vahid sistemdə birləşdirilib.
O, müxtəlif PUA-larla mübarizə aparmaq üçün təyin edilib, Ukraynada mövcud olan bütün standartlara uyğun mobil rabitə şəbəkələrini susdurmağa qadirdir, həmçinin REM vasitələri və kontrbatareyaya radarlarına qarşı əkstəsir göstərə bilir.
Əhəd Əzizov