
IDEX-2025: BƏƏ 5 milyard ABŞ dollarından çox dəyəri olan müqavilələr imzalayıb
IDEX-2025 və NAVDEX-2025 sərgilərinin üçüncü günündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfi yerli və beynəlxalq şirkətlərlə 10.1 milyard AED (2.7 milyard ABŞ dolları) dəyərində 10 müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu, “Tawazun” Şurasının sözçüləri Majed Ahmed Al Caberi, Mohammed Saif Al Zaabi və Mahra Belal Al Dhaherinin iştirakı ilə keçirilən mətbuat konfransında elan olunub.
Bildirilib ki, müqavilələr Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün satınalma və sövdələşmələrin idarə edilməsinə cavabdeh olan BƏƏ-nin “Tawazun” Şurası tərəfindən imzalanıb.
Maha Bilal Al Dhaheri sərgilərin ikinci günündə yerli şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 9.6 milyard AED (2.6 milyard dollar) olduğunu və yeddi sövdələşmənin imzalandığını açıqlayıb.
Şuranın üçüncü gün yerli şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar daxildir:
- “EDGE Group” şirkəti ilə Hərbi Dəniz Qüvvələrinə texniki dəstək sistemlərinin inkişafı üçün 1.92 milyard AED (522.6 milyon dollar);
- “Trust” şirkəti ilə KBRN qoruyucu dəstlərinin alınması üçün 121.3 milyon AED (33 milyon dollar);
- “EDGE Group” şirkəti ilə MK bombalarının tədarükü üçün 4.36 milyard AED (1.1 milyard dollar);
- “EDGE Group” şirkəti ilə “anti-jamming” sistemlərinin alınması üçün 227 milyon AED (61.7 milyon dollar);
- “EDGE Group” şirkəti ilə TRACKED RCV yerüstü robotlarının alınması üçün 288 milyon AED (76.2 milyon dollar);
- “International Golden Group” şirkəti ilə E-LORAN sisteminin alınması üçün 382 milyon AED (103.9 milyon dollar);
- “CLS Automotive Technologies” şirkəti ilə “IFV Wahsh” zirehli döyüş maşınlarının alınması üçün 2.36 milyard AED (642.4 milyon dollar).
Mohammed Saif Al Zaabi sərgilərin üçüncü günündə xarici şirkətlərlə bağlanan müqavilələrin ümumi dəyərinin 523 milyon AED (142.3 milyon dollar) olduğunu və üç sövdələşmənin imzalandığını qeyd edib.
Şuranın üçüncü gün xarici şirkətlərlə imzaladığı müqavilələrə aşağıdakılar aiddir:
- Fransanın “Eurotradia International” şirkəti ilə “Leclerc” tanklarının ehtiyat hissələrinin tədarükü üçün 24 milyon AED (6.5 milyon dollar);
- Fransanın “Naval Group” şirkəti ilə korvetlərə inteqrasiya olunmuş logistika dəstəyinin göstərilməsi üçün 472 milyon AED (128.4 milyon dollar);
- ABŞ-ın “Lockheed Martin” şirkəti ilə texniki dəstək xidmətlərinin göstərilməsi üçün 26.7 milyon AED (7.2 milyon dollar).
Qeyd olunub ki, sərgilərin ilk üç günündə BƏƏ Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün ümumilikdə 19.95 milyard AED (5.4 milyard dollar) dəyərində 28 müqavilə imzalanıb.