IDEX-2025: IAI şirkəti hərbi sistemlərini Əbu-Dabidə nümayiş etdirəcək

IDEX-2025: IAI şirkəti hərbi sistemlərini Əbu-Dabidə nümayiş etdirəcək

Qlobal aerokosmik və müdafiə sahəsində lider şirkətlərdən olan “Israel Aerospace Industries” (IAI) şirkəti 2025-ci il 17-21 fevral tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək IDEX və NAVDEX sərgilərində geniş çeşidli innovativ sistemlərini təqdim edəcək.

IAI-dən “Poliqon”a verilən məlumata görə, beş gün davam edəcək Yaxın Şərqin ən böyük müdafiə sərgisində şirkətin ən qabaqcıl sistemləri nümayiş olunacaq.

Bunların sırasına hava hücumundan müdafiə (HHM) sistemləri, pilotsuz uçuş aparatları (PUA), peyk sistemləri, dəniz döyüş kompleksləri, radarlar, elektro-optik sistemlər, elektron müharibə (EW) vasitələri və müxtəlif sensorlar daxildir. Eyni zamanda, IAI bölgədəki tərəfdaşlıqlarını dərinləşdirmək və biznes fəaliyyətlərini genişləndirmək niyyətindədir.

IAI-nin prezidenti və baş icraçı direktoru Boaz Levi sərgi ilə bağlı öz fikirlərini bölüşüb.

“Biz Əbu-Dabidə keçiriləcək bu mühüm sərgidə iştirak etməyi səbirsizliklə gözləyirik. Burada hava, dəniz, quru və kosmik sahələrdəki qabaqcıl sistemlərimizi təqdim edəcəyik. Sərgidə müxtəlif əməliyyat sahələrində mövcud və gələcək çağırışlara cavab vermək üçün inkişaf etdirdiyimiz ən son innovativ texnologiyalar nümayiş olunacaq. Bizim iştirakımız, Körfəz ölkələrindəki tərəfdaşlarımıza olan öhdəliyimizi vurğulayır. Biz innovasiya, tərəqqi və texnoloji yaradıcılığı təşviq edərək, bu dəyərləri bölgə üçün perspektivli gələcək yaratmaq məqsədilə səfərbər edirik. Mövcud tərəfdaşlıqları genişləndirmək və yeni imkanları araşdırmaq üçün mövcud və potensial müştərilərlə görüşməyi səbirsizliklə gözləyirik”, – deyə B.Levi qeyd edib.

IAI hava hücumundan müdafiəsi sahəsində atəşin optimallaşdırılmasını və təhdidlərin zərərsizləşdirilməsini təmin edən müasir “Barak ER” zenit-raket kompleksini (ZRK) təqdim edəcək. ER tutucu raketi şaquli buraxılış imkanına malikdir və buraxıcı mühərrik, iki impulslu raket mühərriki və 150 km məsafəyə malik qabaqcıl radar tuşlama başlığı ilə təchiz edilib. “Barak ER”, IAI-nin müxtəlif məsafələrdə təhdidləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemləri ailəsinə daxildir.

Bundan əlavə, şirkət sərgidə aşağıdakı sistemlərini nümayiş etdirəcək:

  • Elektro-optik imkanlara malik müşahidə peyki olan OPTSAT effektiv şəkildə məlumatların toplanmasını və emal olunmasını təmin edərək yüksək keyfiyyətli təsvirləri sürətli formada əldə etməyi təmin edir. Bu peykdən real vaxt rejimində kəşfiyyat, yerüstü fəaliyyətlərin monitorinqi, ziyan dəyərləndirilməsi və təhdidlərin aşkarlanmasından ötrü lazım olan yüksək keyfiyyətli təsvirlərin əldə edilməsi üçün istifadə olunur.
  • MMR radarı, dünyada ən çox istifadə edilən radar sistemlərindən biridir. O, real vaxt rejimində yüksək keyfiyyətli görüntülər təmin edən çox missiyalı radardır.
  • MPA, dəniz patrul təyyarəsi taktiki və strateji missiyalar üçün hərtərəfli dəniz görüntüsünü təqdim edir. Ondan axtarış-xilasetmə, dəniz polisi, ətraf mühitin monitorinqi, suüstü və sualtı qayıqlara qarşı müharibə əməliyyatlarında istifadə olunur.
  • EW NAVAL, sensorlar və siqnal bloklayıcılardan ibarət kompleks sistemdir. O, radioelektron kəşfiyyat və elektron mübarizə imkanlarını özündə birləşdirərək real vaxt rejimində operativ vəziyyətin mənzərəsini təqdim edir.
  • “Heron MK 2”, orta yüksəkliklərdə və uzun məsafələrdə uçuş qabiliyyətinə malik pilotsuz uçuş aparatıdır. O, müxtəlif döyüş sursatlarını daşıyaraq geniş çeşidli tapşırıqları yerinə yetirə bilir.
  • ALPHA RADAR, müasir döyüş gəmiləri üçün nəzərdə tutulmuş çoxməqsədli AESA əsaslı rəqəmsal radar sistemidir.
  • SCORPIUS T, pilotların qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə mübarizə aparması üçün hazırlanmış təlim sistemidir.
  • ZMAG, PUA-lara qarşı müdafiə sistemlərinin quraşdırıldığı müxtəlif mürəkkəb quru missiyaları üçün nəzərdə tutulmuş qabaqcıl kəşfiyyat maşınıdır.
CATEGORIES
TAGS