“İDRAK” şirkəti Azərbaycanın ilk taktik VTOL pilotsuz uçuş aparatını hazırlayıb– FOTO
Azərbaycanın “İdrak Texnoloji Transfer”şirkəti tərəfindən vertikal qalxma və enmə xüsusiyyətlərinə (Vertical Take-Off and Landing-VTOL) sahib taktik pilotsuz uçuş aparatı hazırlanıb.
Bu barədə “Azeri Defence”ə müsahibəsində “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev məlumat verib.
Benzin mühərriklə təchiz edilən VTOL tipli PUA radar, LIDAR, multispektral kamera, gündüz və gecə kamerası, habelə aerofoto çəkiliş üçün kamera ilə təchiz oluna bilər.
Çəkisi 22 kq təşkil edən PUA-nın fasiləsiz uçuş müddətinin 20 saata qədər, uçuş radiusunun avtomatik rejimdə 1000 km olacağı gözlənilir.
VTOL tipli PUA-lar uçuş və eniş üçün əvvəlcədən hazırlanmamış ərazilərə enib-qalxa bilir və böyük aerodromlar tələb etmir. Bu səbəbdən son illər dünyada bu tip PUA-lara tələbin artması müşahidə olunur. Hazırda bir sıra ölkələrin Hərbi Dəniz Qüvvələri tərəfindən VTOL tipli PUA-ların gəmilərə bazalaşdırılması məsələsinə baxılır.
Qeyd edək ki, “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən ikisi sabit qanad və 3 multikopter tipli pilotsuz uçuş aparatı layihələndirilib, prototiplər yaradılıb və sınaqları davam edir.