İlham Əliyev: Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə kiber hücumlara qarşı həssaslaşır
Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən deyib.
Prezidenti İlham Əliyev bildirib ki, bu, inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir: “Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki, mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik”.
“Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq”, – deyə dövlət başçısı qeyd edib.