İlk “Armata” tankları bu il Rusiya ordusuna təhvil veriləcək
Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun 2021-ci ilin sonuna qədər 20 ədəd T-14 “Armata” və 65 ədəd T-90M “Prorıv” tanklarının silahlı qüvvələrə veriləcəyini açıqladığını bildirib.
“Poliqon” xəbər verir ki, Rusiya mətbuatı daha əvvəllər ordu rəsmilərinin və hərbi-sənaye kompleksinin nümayəndələrinin T-14 “Armata” tanklarının fərqli çatdırılma tarixləri səsləndirdiyini və bu tarixlərin heç birinin icra olunmadığını bildirib.
Qeyd edək ki, T-14 “Armata” tankı, Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası tərəfindən yaradılan və istehsal olunan ən yeni əsas orta tankıdır. Yeni tankın yaradılması üzərində işlərə 2009-cu ildə başlanıb və tank ilk dəfə 9 May 2015-ci il tarixində Moskvadakı Qələbə paradında nümayiş etdirilib.
Ümumilikdə, tırtıllı “Armata” platforması əsasında 28 vahid texnika hazırlanması planlaşdırılırdı. Bu texnikalar sırasına özüyeriyən artilleriya qurğuları, dəstək maşınları, mühəndis texnikaları və T-15 piyadanın döyüş maşını daxil idi.
Rusiya mətbuatına görə, Rusiya Ordusu üçün 100 ədəd T-14 “Armata” tankı sifariş edilib. Bunların bir hissəsi artıq 2016-cı ildə sınaq istismarına daxil edilib. “Armata” tankının əsas sınaqları, Rusiya Müdafiə Nazirliyinin 3-cü Mərkəzi Elmi-Tədqiqat İnstitutuna daxil olan Zirehli Texnikaların Elmi-Tədqiqat Sınaq Mərkəzinin (Kubinka, Moskva vilayəti) bazasında aparılır. Bundan başqa, bir neçə T-14 tankı ölkənin müxtəlif bölgələrində yerləşən tank qoşunlarının bölmələri tərəfindən növbə ilə sınaqdan keçirilir. Bu sınaqlar müxtəlif iqlim şəraitində maşının sistemlərinin və qovşaqlarının işini yoxlamaq məqsədi ilə keçirilir.
Ümumilikdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 2300 ədəd T-14 “Armata” tankı alacağı gözlənilir.
Əhəd Əzizov