“Improtex Industries”in “Revival P” mexaniki minatəmizləmə maşını Qarabağ Dirçəliş Fonduna ianə edilib

“Improtex Industries”in “Revival P” mexaniki minatəmizləmə maşını Qarabağ Dirçəliş Fonduna ianə edilib

Azərbaycan istehsalı olan minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” (Twitter) hesabında paylaşım edib.

“Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir. Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fonduna ianə edilən mexaniki minatəmizləmə maşını Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən istehsal olunan “Revival P”dir.

Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P” 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. O, şəhər yerlərində, meşələrdə, kollarda, tarlalarda, meşə yollarında və çay sahillərində minaların təmizlənməsi üçün uyğundur. “Revival P”, tank əleyhinə minaların partlamasına tab gətirə bilsə də, o, tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulmayıb. Onun sahib olduğu uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış dalğası və zədə yetirə biləcək qırıntıların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal, minatəmizləmə zamanı “Revival P”nin mühərrik, habelə digər vacib hidravlik və elektron komponentlərini qoruyur. “Revival P”nin dizaynında ballistik parametrlər nəzərə alınıb.

Onun gövdəsinin uzunluğu 4900 → 5200 mm, eni 1700 mm, hündürlüyü 1850 mm və təmizləmə qurğusunun eni 2000 millimetrdir. Texnikanın toplam çəkisi 6.5 ton, dırmanma qabiliyyəti 35°, eninə hərəkət əyimi 30°, uzaqdan idarəetmə məsafəsi 2000 metr və suya dalma dərinliyi 500 mm təşkil edir. Hərəkət sürəti 5 km/saat, işləmə sürəti isə 0.5-1.5 km/saat olan “Revival P”ni 259 at gücündəki “John Deere” mühərriki hərəkətə gətirir.

O, -20°C ilə +55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir. Texnika 360° videogörüntü təmin edən 4 ədəd partlayış dalğasına davamlı kameralar – bir ədəd 80x yaxınlaşdıran Zoom kamera və üç ədəd 120° kamera ilə təchiz olunub. İdarəetmə panelinin ekran ölçüsü 6’’ olan “Revival P”, 360° kamera sistemi üçün 10.1’’ düym HD ekrana malikdir. Texnikanın mina təmizləmə sahəsinin eni 1900 mm, dərinliyi 300 mm, bitki örtüyü təmizləmə qabiliyyəti 1500 mm və minatəmizləmə bacarığı 2500 m2/saat təşkil edir.

Əsas üstünlükləri:

  • 11% daha geniş Flayer qurğusu effektiv iş həcmini artırır;
  • Daha böyük radiator isti iqlim şəraitində daha uzun müddətli fəaliyyəti təmin edir;
  • Daha böyük yanacaq çəni ərazidən kənarlaşmadan daha artıq fəaliyyəti təmin edir;
  • Gövdənin konstruksiyası servis zamanı hər bir detala sahədən kənarlaşmadan daha rahat müdaxilə olunmasını təmin edir;
  • Partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera fəaliyyət zamanı görüntünü izləmə imkanını təmin edir;
  • Daha dayanıqlı, yüksək temperatura və zərbəyə davamlı xüsusi metaldan istifadə olunmuşdur;
  • Mövcud konstruksiyaya uyğun aşağıda yerləşdirilən ağırlıq mərkəzi partlayış zamanı devrilmənin qarşısını alır.
CATEGORIES
TAGS