İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib
Cari ilin 21 noyabr tarixində Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.
“Poliqon” XRİTDX-nin mətbuat mərkəzinə istinadən xəbər verir ki, iclasda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” haqqında iclas iştirakçılarına ətraflı məlumat verib.
O qeyd edib ki, Strategiya ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.
Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının gündəliyinə daxil olan məsələlərinin müzakirələrinə başlanılıb.
Gündəliyə uyğun olaraq Strategiyanın icrasının səmərəli təşkili məqsədilə Tədbirlər Planının yerinə yetirilməsinə məsul olan qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ətrafında müzakirələr aparılıb. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı təkliflər və mexanizmlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı Strategiyanın əhatə dairəsinin genişliyi nəzərə alınaraq, görülən işlərin vahid bazada toplanılması, eyni zamanda işçi qrupların fəaliyyətinin əlaqələndirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə informasiya ehtiyatının – portalın yaradılması qərara alınıb.
Gündəliyinə daxil olan məsələlərlə əlaqədar komissiya üzvləri – Azərbaycan daxili işlər nazirinin müavini general-leytenant İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdən sonra Komissiya üzvləri tərəfindən gündəlikdə olan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Sonda Komissiyanın sədri müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanmasının vacibliyini bildirib.