İran bu ilin martından Rusiyadan Su-35-ləri təhvil almağa başlayacaq

İran bu ilin martından Rusiyadan Su-35-ləri təhvil almağa başlayacaq

Rusiya İranın sifariş etdiyi Su-35 döyüş təyyarələrinin təhvil verilməsinə 2023-cü ilin mart ayından başlayacaq.

“Poliqon” xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deputat Şəhriyar Heydari “Tasnim” Xəbər Agentliyinə açıqlamasında deyib.

İranın Rusiyadan Su-35 qırıcıları ilə yanaşı raket sistemləri, hava hücumundan müdafiə vasitələri və helikopterlər də sifariş verdiyini deyən Ş.Heydari bu məhsulların da yaxın zamanlarda təhvil alınacağını bildirib.

Qeyd edək ki, rəsmi olaraq açıqlanmasa da, bir çox kütləvi informasiya vasitələri tərəfindən yayımlanan məlumata görə, İran Rusiyaya 24 ədəd Su-35 qırıcısı sifariş verib.

Xatırladaq ki, 2022-ci ilin əvvəlində Misir, Əlcəzair və İndoneziya həm Avropa ölkələrindən, həm də İsraildən alınan müasir avionika və bu kimi sistemlərin quraşdırılmasının mümkün olmadığı üçün Su-35 döyüş təyyarələrini satınalmaqdan imtina etdiklərini açıqladı. Daha sonra İran mətbuatında Rusiyanın Su-35 qırıcılarını İrana satmağa hazır olduğu bildirildi. Ötən ilin ilin sonlarında isə Su-35-lərin alqı-satqısı üçün tərəflər arasında razılaşmanın əldə edildiyi ilə bağlı məlumat dərc olundu.

4++ nəsil çoxməqsədli Su-35 supermanevrli təyyarədir. Bu təyyarə, bazasında Su-27 / Su-30 qırıcıları yaradılan T-10S platforması əsasında qurulub, lakin yaradıcıların fikrincə, beşinci nəsil təyyarənin tələblərinə cavab verən bort döyüş aviasiya avadanlığı ilə təchiz olunub.

Onu da qeyd edək ki, müdafiə sənayesi sektorunu bütünlüklə ölkənin tələbatını ödəmək üçün yönəldən Rusiyanın paralel olaraq, bu kimi iri həcmli ixrac layihələri icra etməsi və sifarişlərin yaxın müddət ərzində müştəriyə təhvil verəcəyinin açıqlanması maraq doğurur.

Poliqon.az

CATEGORIES
TAGS