
İran yüksək sürətli stels hücum katerlərinin istehsalını artırır
İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin istismarına yüksək sürətli yeni stels (stealth) hücum katerləri verilib.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Təngsiri deyib. Onun sözlərinə görə, hazırda HDQ tərəfindən yeni stels hücum katerlərindən istifadə edirlir.
O, İran mütəxəssiləri tərəfindən yerli imkanlar hesabına inşa edilən hərbi təyinatlı sürətli katerlərin gövdə materialının və formasının radarlar tərəfindən aşkar edilməməsini təmin etmək üçün stels texnologiyasından istifadə etdiyini bildirib.
Ə.Təngsiri qeyd edib ki, istehsalı davam edən hücum katerləri təkmilləşdirilərək sürəti 55 knotdan 75 və 90 knota qədər artırılıb və növbəti mərhələdə hətta 110 knota çatacaq.
Qeyd edək ki, araşdırmalara əsasən, İranın SEPAH Hərbi Dəniz Qüvvələri 2020-ci ilin mayında 120 ədəd, 2021-ci ilin fevralında 340 ədəd yüksək sürət və üstün manevr imkanlarına malik stels hücum katerləri ilə təchiz edilib. Yeni katerlər uzaq hədəfləri vurmaq üçün silah sistemləri, su altında əməliyyat aparmaq üçün ləvazimatlarla təchiz olunub.