İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb – VİDEO

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb – VİDEO

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran vətəndaşlarının Xəzər dənizinin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozub xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğu birgə məlumat yayıb.

Belə ki, iyunun 24-də gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran vətəndaşları 1983-cü il  təvəllüdlü Nuri Əbruntən, 1984-cü il  təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçiriliblər.

Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan vətəndaşı olan 2 nəfər mülki şəxsin – 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıb.

Həyata keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş narkotik vasitə olan çətənə bitkisi – 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb.

Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə 27.06.2024-cü il tarixdə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir.

Cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

CATEGORIES